BAKI, 13 mart — Sputnik. Azərbaycanda tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisəsinə qoşulma xidmətinə görə ödəniş edəcək. Bununla bağlı "Su təchizatı və tullantı suları haqqında" qanuna dəyişiklik edilir.
Dəyişikliyə əsasən, məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edildikdən sonra texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti quraşdırma işləri su təchizatı müəssisələri tərəfindən həyata keçiriləcək.
Hansı halda qoşulma sifarişçinin hesabına həyata keçiriləcək?
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş ediləcək. Və su təchizatı sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud su təchizatı müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçiriləcək.
Layihəyə əsasən, məişət abonenti – yaşayış evlərində, mənzillərdə, o cümlədən xüsusi təyinatlı yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən fiziki şəxsdir.
Texniki şərtlər – tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması məqsədilə layihə sənədlərinin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir.
"Xətlərə qoşulma xərci mənzillərin satış qiymətinə ciddi təsir göstərmir"
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a bildirib ki, inşa ediləcək çoxmənzilli yaşayış binalarının kommunikasiya xətlərinə qoşulması üçün icazə və texniki şərtlər olmalıdır:
"Hər hansı tikinti obyekti ona yaxın ərazidən keçən kommunikasiya xətlərinə qanunun tələblərinə uyğun qoşula bilər. Lakin bəzi ərazilərdə kommunikasiya xətləri kənardan keçir və çoxmənzilli yaşayış binalarının həmin ərazidə inşası üçün bu xətlərə qoşulma əlavə xərc yaradır. Lakin bu, ümumilikdə çoxmənzilli yaşayış binalarında mənzillərin satış qiymətinə ciddi təsir göstərmir. Yəni tikinti obyektlərinin kommunikasiya xətlərinə qoşulmasında məsafə məsələsi problem deyil".
Onun fikrincə, sıx yaşayış massivləri içərisində tikilən çoxmənzilli yaşayış binalarının həmin yaşayış massivləri üçün nəzərdə tutulmuş su təchizatı və kanalizasiya xətlərinə qoşulması ciddi problemdir:
"Məsələn, həmin tikinti obyektləri bu xətlərə qoşulan zaman əhaliyə suyun verilməsində bəzən azalma müşahidə edilir. Lakin artıq Bakının baş planı təsdiq edilib. Baş plana uyğun olaraq hansı ərazilərdə çoxmənzilli yaşayış binaları inşa ediləcəksə, həmin ərazilərə yeni kommunikasiya xətləri çəkiləcək. Həmin çoxmənzilli yaşayış binaları inşa edilərkən yeni xətlərə qoşulacaq və əvvəlki xətlərdə problem yaranmayacaq".
Tələb olunan sənədlərin sayı azalacaq
Deputat Vüqar Bayramov isə bildirib ki, bu gün kommunal xidmətlərdən istifadə etməkdə ən ciddi məsələlərdən biri məhz texniki şərtlərin verilməsidir:
"Bu qanun layihəsi texniki şərtlərin verilməsi ilə bağlı proseduru asanlaşdıracaq, tələb olunan sənədlərin sayında azalma olacaq. Texniki şərtlərin verilməsi prosedurunun asanlaşdırılması vacibdir. Burada elektron xidmətlərdən istifadə olunsa belə bir sıra hallarda həm vətəndaşlar, həm də biznes subyektləri tərəfindən texniki şərtlərin alınmasında çətinliklər var. Bu çətinliklərin aradan qaldırılması olduqca vacibdir".
Qoşulma xərcləri hələ də yüksək olaraq qalır
O qeyd edib ki, qoşulma xərcləri hələ də yüksək olaraq qalmaqdadır:
"Bu, biznes üçün əlavə xərclər yaradır. Kommunal xidmətləri təklif edən qurumlar, qiymətləri daha aşağı təklif etməlidir. Digər məsələ qoşulma müddətilə bağlıdır. Su təchizatına qoşulmaq üçün tələb olunan müddət 30 gündür. Bu, kifayət qədər uzun müddətdir. Xüsusən də ötürmə qabiliyyəti yüksək olmayan xətlərə qoşulma müddəti azaldılmalıdır".
Qoşulma mexanizmi təkmilləşdirilir
Xatırladaq ki, Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, qanuna dəyişiklik Dünya Bankı Qrupunun "Əlverişli biznes mühiti" layihəsinin "Kommunal xidmətlərə qoşulma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsi"nə uyğun olaraq hazırlanıb. Bu layihə habelə tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydasının, eyni zamanda qoşulma xəttinə görə ödəniş məbləğinin təsdiq edilməsi və Nazirlər Kabinetinin "Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarının təsdiq edilməsi haqqında" 2014-cü il qərarının ləğv edilməsi məqsədi ilə hazırlanıb.
Komitə sədri bildirib ki, layihədə tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydalarında müvafiq anlayışlardan istifadə edilməsi zərurəti ilə bağlı qanunun 1-ci maddəsinə qoşulma nöqtəsi, fiziki qoşulma, qoşulma müqaviləsi, qoşulma xidmətinə görə ödəniş, texniki şərtlər, məişət abonenti anlayışlarının əlavə edilməsi təklif olunur.
Su təchizatı və kanalizasiya sisteminə qoşulma qaydaları yenilənəcək
S.Qurbanov qeyd edib ki, qanun layihəsinə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasının hüquqi əsasları bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdiriləcək: "Təklif olunan qoşulma qaydaları istehlakçıların hüquqlarının qorunması və keyfiyyətli su təchizatı xidmətinin göstərilməsi üçün sistemin fəaliyyətinin dayanıqlığının artırılmasını özündə ehtiva edir. Bununla yanaşı, sənəddə sahibkarlıq subyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulmasının daha da optimallaşdırılması, vətəndaşlar və digər istehlakçılarla xidmət qurumlarının münasibətlərində şəffaflığın artırılması, qoşulma tələbləri ilə bağlı şəffaflığın təmin edilməsi nəzərdə tutulur. Qanun qəbul edildikdən sonra su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtlərini müəyyən edən müvafiq qaydalar da yenilənəcək".
"İndiyədək su təchizatına qoşulma üçün 13-15 sənəd tələb olunur"
"Qanuna dəyişiklik bu sahədə aparılan islahatlara dəstəkdir. İndiyədək tikinti obyektlərinin su təchizatına qoşulması ilə bağlı problemlər var, 13-15 sənəd tələb olunur. Dəyişiklik qəbul edildikdən sonra artıq 3 sənəd tələb ediləcək. Hazırda tikinti obyektlərinin elektrik enerjisinə qoşulması üçün "ASAN kommunal" mərkəzlərinə müraciət edilir. Su təchizatına qoşulma sistemini də təkmilləşdirəcəyik" - komitə sədri əlavə edib.
Məsafə 30 metrədək olduqda qoşulma 30 gün ərzində olacaq
Əlavə edək ki, layihəyə əsasən, məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda su təchizatı sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 gün müddətində həyata keçiriləcək.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və su təchizatı sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 gün müddətində həyata keçiriləcək.
Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması qaydası dəyişir
Qanunun 38-ci maddəsinə (Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması) də dəyişiklik edilir. Belə ki, məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata keçiriləcək və texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri kanalizasiya müəssisələri tərəfindən həyata keçiriləcək.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan tikinti obyektlərinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş ediləcək və tullantı sularının axıdılması sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud kanalizasiya müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçiriləcək. 38-ci maddəyə digər dəyişikliklər də nəzərdə tutulur.
Artıq qanun layihəsi parlamentdə ikinci oxunuşdan keçib.