BAKI, 13 mart — Sputnik. Martın 14-16-da Bakıda sabiq və hazırki dövlət və hökumət başçılarının, nazirlərin və Nobel mükafatçılarının iştirakı ilə XI Qlobal Bakı Forumu keçiriləcək. Bu barədə SputniK Azərbaycan-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzdən məlumat verilib.
Mərkəzin təşkilatçılığı ilə keçirilən bu ilki forumda müasir dünyanın üzləşdiyi aktual problemlər həll yolları müzakirə ediləcək.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə yaranmış Qlobal Bakı Forumu təsirli müzakirələrin aparılması və konstruktiv dialoq irsinə əsaslanır. Dünyanın hər yerindən ali səviyyəli qonaqlar, o cümlədən dövlət və hökumət başçılarını, nazirləri, keçmiş və hazırki prezidentləri və beynəlxalq təşkilatların yüksək vəzifəli şəxslərini cəlb etmək təcrübəsi ilə forum hazırki qlobal çağırışların həllində əməkdaşlıq və innovasiyalar üçün körpü rolunu oynayır.
XI Qlobal Bakı Forumunda 67 ölkədən 2 prezident, 2 Baş Nazir, BMT-nin 7 ixtisaslaşmış təşkilatının rəhbərləri, 25 sabiq prezident, 15 Baş Nazir və 26 xarici işlər nazirlərinin müavinləri fəal iştirak edəcəklər.
Bu ilki forum "Parçalanmış dünyanın bərpası" mövzusu altında geosiyasət, davamlı inkişaf, texnologiya və mədəni diplomatiyanı əhatə edən çoxsaylı məsələlər ətrafında olacaq.
Əvvəlki illərdə olduğu kimi, XI Qlobal Bakı Forumu beynəlxalq dialoqu daha da zənginləşdirmək və mədəniyyətlərarası anlaşmanı gücləndirmək üçün müxtəlif sahə və perspektivlərdən çıxış edən tanınmış şəxsləri qəbul etməyə hazırdır. Forumun məqsədi qonaqların kollektiv təcrübəsi və fikirləri ilə məqsədyönlü fəaliyyətə təkan verərək "Parçalanmış dünyanın bərpası" naminə kollektiv səyə töhfə verməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.