BAKI, 13 mart — Sputnik. "Qərb ölkələri Ukraynanı parçalamağa başlayıblar, bunu Fransa prezidenti Emmanuel Makronun bu ölkəyə qoşun yeritməyin mümkünlüyü ilə bağlı sözləri də sübut edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Makron və digər NATO siyasətçilərinin Ukrayna ərazisinə kontingent, qoşun və ya digər hərbiləşdirilmiş birləşmələrin yeridilməsi ehtimalı ilə bağlı verdiyi bütün bu bəyanatlar məhz bölgü ilə bağlıdır" - deyə o bildirib.
Zaxarova qeyd edib ki, Kiyev prezident seçkiləri ərəfəsində Rusiya Federasiyasının yeni regionlarının sakinlərini qorxutmaq üçün terror fəaliyyətindən istifadə edir:
"Bu terror fəaliyyətləri ölkəmizin mülki əhalisinə, infrastrukturuna qarşı yönəlib. Təbii ki, indi intensivləşmə qorxutmaq məqsədi daşıyır. Martın 6-da Berdyanskda ukraynalı nasistlər şəhər uşaq yaradıcılıq mərkəzində müəllimin və məntəqə seçki komissiyasının ştatdankənar üzvünün olduğu avtomobili partladıblar. Bu, sadəcə olaraq seçkilərə birbaşa müdaxilə deyil, seçkiləri pozmaq məqsədi ilə birbaşa qanlı müdaxilədir. Onlar uğur qazana bilməyəcəklər", - diplomat vurğulayıb.
"İnsanların öz iradələrini ifadə etmək hüququna təsir göstərən bu cür terror üsulu ilə bağlı hər bir halı qeydə almalıyıq... Biz əminik ki, Rusiyaya birləşən regionların sakinləri Kiyev rejiminin təxribatlarına boyun əyməyəcəklər" - Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.