BAKI, 13 mart — Sputnik. Elvin Səlimov. Moskva İrəvanla təmasları davam etdirəcək və onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) gələcək üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bu barədə ona Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki açıqlamaları kontekstində sual verilib. Paşinyan bildirib ki, KTMT öhdəliklərini yerinə yetirməsə və öz məsuliyyət sahəsini tanımasa, İrəvan təşkilatdan çıxacaq.
"Əlbəttə, biz bu bəyanatları eşitmişik. Təbii ki, qarşıda çox iş var. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Biz bu bəyanatlara uyğun olaraq danışacağıq" - Kreml nümayəndəsi bildirib.
Peskov KTMT-nin Paşinyanın bu cür bəyanatlarına münasibəti ilə bağlı suala cavab verməyib və bu ifadənin özünün yersizliyinə işarə edib.
"Bunu KTMT-dən soruşmaq lazımdır. KTMT adından danışmaq bizə düşməz" - Rusiya prezidentinin mətbuat katibi qeyd edib.
O, hazırkı vəziyyətin təşkilatın fövqəladə sammitinə səbəb ola bilərmi sualına da oxşar şəkildə cavab verib.
"Yenə də deyirəm, bu, KTMT-nin qərar verməli olduğu bir şeydir. Təbii ki, KTMT çərçivəsində müəyyən işlər görülməlidir" - Kreml nümayəndəsi fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.