Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunur

Deputat təklif edib ki, çoxuşaqlı ailə anlayışı 5 uşaqdan 3 uşağa endirilsin. Əgər çoxuşaqlı ailə modelini 5-dən 3-ə endirəriksə, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.
Sputnik
BAKI, 13 mart — Sputnik. Azərbaycanda çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov təklif edib ki, çoxuşaqlı ailə anlayışı 5 uşaqdan 3 uşağa endirilsin:

"Diferensial yanaşma bu sahədə çox vacibdir. Əgər çoxuşaqlı ailə modelini 5-dən 3-ə endirəriksə, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər".

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Komitə sədri Musa Quliyev də bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır:

"Biz bu təklifi dəstəkləyirik. Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilməlidir. Eyni zamanda onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını biz axtarırıq".

Musa Quliyev qeyd edib ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur:
"Onlar da bu məsələdə müsbət fikirdədirlər".
Millət vəkili Musa Quliyev
Müavinət hansı halda təyin olunur?
Xatırladaq ki, beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda müavinət təyin olunur.
Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 manat müəyyən edilsin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.