DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ sərhəd mühafizəsi yüksək hazırlıq vəziyyətinə gətirilib

Sahil Mühafizə Xidməti Haitidən gələn gəmiləri dayandırmaya bilər. Qanunsuz mühacirlərin kütləvi şəkildə ABŞ-a keçməsi bölgədə təhlükəsizliyi zəiflədəcək - sənəddə bildirilir.
Sputnik
BAKI, 13 mart — Sputnik. Fövqəladə vəziyyətin tətbiq olunduğu Haitidən mümkün miqrant axını ilə əlaqədar ABŞ-ın Mayami şəhərindəki sərhəd mühafizəsi yüksək hazırlıq vəziyyətində gətirilib.
"New York Post" qəzetinin əlinə keçən sənəddə Haitidəki qeyri-sabit vəziyyətə görə qayıqla ABŞ sahillərinə keçməyə çalışan qanunsuz mühacirləri geri qaytarmaq ehtimalının az olduğu qeyd edilib.
"Sahil Mühafizə Xidməti Haitidən gələn gəmiləri dayandırmaya bilər. Qanunsuz mühacirlərin kütləvi şəkildə ABŞ-a keçməsi bölgədə təhlükəsizliyi zəiflədəcək" - sənəddə bildirilir.
Qeyd edək ki, Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə prezident Jovenel Moizin qətlə yetirilməsindən və həmin ilin avqustunda 2200-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib.
Jovenel Moizin sui-qəsd nəticəsində öldürülməsindən sonra hakimiyyəti ələ keçirən Baş nazir Ariel Anri əvvəlcə təhlükəsizliyin bərpasını bəhanə edərək seçkiləri təxirə salıb. Onun Karib hövzəsi liderləri ilə görüşündə yalnız 2025-ci ilin ortalarında seçki keçirilməsinə razılıq verməsi ölkədə iğtişaşların başlamasına səbəb olub. Silahlı dəstlərə başçılıq edən sabiq polis zabiti Cimmi Şerizye baş naziri istefa çağırıb və əks-təqdirdə hökuməti vətəndaş müharibəsi ilə hədələyib.
Martın 3-də silahlı dəstələrlə hüquq-mühafizə orqanları arasında qarşıdurma səbəbindən Haitinin Qərb departamentində və paytaxt Port-o-Prinsdə fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq edilib. Martın 11-də Ariel Anri ölkədə həftələrdir artan təzyiq və davam edən zorakılıqlardan sonra istefa verməyə razılaşıb.
BMT-nin məlumatlarına görə, son günlər təxminən 15 min haitili məcburi köçkün vəziyyətinə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.