NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Nazir Azərbaycanın Avropaya qaz ixracını artırdığını bəyan edib

Yanvar-fevral aylarında Avropaya 2,1 mlrd. kubmetr, Türkiyəyə 1,4 mlrd. kubmetr, Gürcüstana isə 0.6 mlrd. kubmetr qaz ixrac olunub.
Sputnik
BAKI, 12 mart — Sputnik. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya 2,1 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 10,5% çoxdur.
Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu ilin yanvar-fevral aylarında Avropaya 2,1 mlrd. kubmetr, Türkiyəyə 1,4 mlrd. kubmetr, Gürcüstana isə 0.6 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0.8 mlrd. kubmetr qaz nəql edilib" - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Azərbaycan bu ilin ilk iki ayında 4,1 mlrd. kubmetr qaz ixrac edib.
29.02.24, 20:03
Nazir TAP ilə Avropaya nəql olunmuş qazın həcmini açıqladı
Trans-Adriatik Boru Kəməri (TAP) əlavə tədarük üçün 2025-ci ilin sonuna hazır olacaq, İtaliyaya 1 milyard kubmetr, Albaniyaya isə 200 milyon kubmetr qaz nəql ediləcək.
Energetika Nazirliyinin məlumatına görə, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşündə bildirilib.
Görüşdə TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq 1,2 milyard kubmetr genişləndirilməsinin birinci mərhələsi üzrə görülən işlər, növbəti genişlənmə üçün aparılan bazar sınaqlarının gedişatı, regional qaz təchizatı infrastrukturlarının inkişafına dair müzakirələr aparılıb.
TAP-ın İtaliya da daxil Avropa ölkələrinin qaza tələbatının əhəmiyyətli hissəsini qarşıladığını vurğulayan L. Skyepatti Azərbaycan qazının enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.
Görüşdə karbon neytrallığının əldə olunması məqsədilə Yunanıstan və Albaniyada yerləşən kompressor stansiyalarının elektrikləşdirilməsi, həmçinin boru kəmərinin ötürücülük gücünün artırılması çərçivəsində hidrogen və digər bərpa olunan qazların tədarükü perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2023-cü ildə 11,5 milyard kubmetr qaz ötürülüb.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Bolqarıstana, "Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən "mavi yanacaq" Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə nəql edilir. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.