BAKI, 12 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da acı nəticələrə gətirib çıxarır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə FHN-in Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə təkrar müraciətində qeyd edilib.
Bildirilib ki, ötən çərşənbə mərasimləri zamanı 3 nəfər uşağın bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alması faktları qeydə alınıb.
Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!