HADİSƏ

DTX məktəblərə gözlənilən silahlı hücumla bağlı məlumata aydınlıq gətirdi

Reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur.
Sputnik
BAKI, 12 mart — Sputnik. Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanıb. Bu isə vətəndaşlarımız arasında narahatlığa səbəb olub.
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti bu barədə press-reliz yayıb. Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur. Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapıb. Xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalının ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər tərəfindən yaradıldığı məlum olub. Onların Azərbaycanla heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
Həmçinin eyniadlı "Telegram" səhifəsində yerləşdirilən, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin martın 12-də çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilib, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilib.
"Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk" - DTX-nın məlumatında deyilir.
11:45
Agentlik məktəblərə gözlənilən silahlı hücumla bağlı məlumat yayıb
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəblərdə terror hadisəsinin törədiləcəyi barədə yayılmış məlumatla bağlı valideynləri narahat olmamağa səsləyib. Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır.
"Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq" - deyə məlumatda bildirilir.
Qeyd edək ki, dünən axşam saatlarında teleqram kanalında Bakıda ümumtəhsil müəssisələrində terror hadisəsinin olacağı barədə məlumatlar yayılıb. Bu xəbər valideynlərin ciddi narahatlığına səbəb olub.