DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski Roma Papasını Rusiya ilə danışıqlara çağırdığına görə tənqid edib

Roma Papası Fransisk bildirib ki, Ukrayna münaqişəsində uduzan tərəf bunu etiraf etmək üçün özündə cəsarət tapmalı və yeni qurbanların qarşısını almaq üçün danışıqlara başlamağa razı olmalıdır.
Sputnik
BAKI, 11 mart — Sputnik. Ukrayna lideri Volodimir Zelenski Roma Papası Fransiskin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüsünə cavab verərək bildirib ki, pontifik "virtual vasitəçilik"lə məşğuldur.
Bu barədə "RİA Novosti" xəbər verib.
Prezident axşam videomüraciətində hərbçiləri "dua, söhbət və əməllə" dəstəklədiklərinə görə Ukrayna din xadimlərinə təşəkkür edib.
"Əsl kilsə budur - insanlarla birbaşa təmasda olmaq. Bu, iki min yarım kilometr aralıda virtual vasitəçiliklə məşğul olmaq deyil" - Zelenski bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ehtimal etmişdi ki, Roma Papası Fransisk Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağıraraq, əslində, ölkəni öz məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə edən Qərbə müraciət edib.
Xatırladaq ki, Roma Papası Fransisk bildirib ki, Ukrayna münaqişəsində uduzan tərəf bunu etiraf etmək üçün özündə cəsarət tapmalı və yeni qurbanların qarşısını almaq üçün danışıqlara başlamağa razı olmalıdır.