HADİSƏ

Mingəçevirdə keçmiş əri 37 yaşlı qadını öldürüb

Ceyhun Mirzəyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Sputnik
BAKI, 10 mart - Sputnik. Mingəçevirdə 37 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş əri saxlanılıb. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.
Martın 10-u saat 17 radələrində Mingəçevir şəhəri ərazisində 1987-ci il təvəllüdlü Aytən Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir Şəhər Prokurorluğunun yaydığı məlumata görə, araşdırmalarla 1979-cu il təvəllüdlü Ceyhun Mirzəyevin şəhərin Naxçıvan küçəsi ərazisində yerləşən mənzillərdən birində aralarında yaranmış mübahisə zamanı Aytən Məmmədovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ceyhun Mirzəyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.