BAKI, 11 mart — Sputnik. Milyarder İlon Mask amerikalı iş adamı Devid Saksın ABŞ-ın Rusiyaya qarşı yönəlmiş bütün səylərinin yalnız onun mövqeyini gücləndirdiyi fikri ilə razılaşıb.
O, bu barədə sosial şəbəkələrdə bu sözləri yazıb: "Təəssüf ki, bu doğrudur".
Saks daha əvvəl qeyd etmişdi ki, ABŞ Prezidenti Co Baydenin Rusiyaya verdiyi bütün vədlər yerinə yetirilməyib. Belə ki, ABŞ lideri Rusiya Federasiyasını zəiflətməyə söz verib, lakin Saksın fikrincə, Rusiya Federasiyasının ordusu yalnız güclənib və Qərbi qabaqlayan və döyüş meydanında sınaqdan keçirilmiş qabaqcıl silahlara malikdir.
İş adamı, həmçinin Baydenin Rusiyanın iqtisadiyyatının məhv edilməsi ilə bağlı iddialarına baxmayaraq, ölkənin sanksiyalara müqavimət göstərdiyini də vurğulayıb.
Daha əvvəl Mask əmin olduğunu bildirmişdi ki, Rusiya Ukrayna münaqişəsində "heç bir halda" uduzmayacaq. Konqresdə müzakirə edilən ABŞ-dan Ukraynaya yeni yardım paketini şərh edən Mask bunun Kiyevə kömək etməyəcəyini qeyd edib.