BAKI, 8 mart - Sputnik. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın ilk günü başa çatıb.
Tədbirə dünyanın 30 ölkəsindən alimlər beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130-dan çox beynəlxalq qonaq qatılıb.
Konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub.
Eyni zamanda BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına müraciəti səsləndirilib.
Açılış mərasimindən sonra beynəlxalq konfrans işini plenar iclasla davam etdirib. "Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış" adlı ilk panel iclasda "Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən nəzərdən keçirilməsi", "İctimai rəyin formalaşdırılması: rəqəmsal islamofobiya" və "Ali təhsil kontekstində islamofobiya ilə mübarizə" aralıq sessiyalar təşkil olunub.
***
Bakıda islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfrans keçirilir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Tədbirdə dünyanın 30 ölkəsindən alimlər beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130-dan çox beynəlxalq qonaq iştirak edir.
Konfrans çərçivəsində iki plenar iclas keçiriləcək. Hər paneldə 6-7 spikerin olması nəzərdə tutulur.
"Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış" adlı panel iclasda "Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən nəzərdən keçirilməsi", "İctimai rəyin formalaşdırılması: rəqəmsal islamofobiya" və "Ali təhsil kontekstində islamofobiya ilə mübarizə" sessiyaları təşkil olunacaq.
"Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan hüquqları" adlı panel iclasda isə "Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması", "Qeyri-müsəlman ölkələrində islam mədəni və dini irsinin qəsdən məhv edilməsi və təhqir edilməsi aktları" və "Cinsiyyətli islamofobiyanın matrisi: müsəlman qadınların repressiyası və müqaviməti, gender və cəmiyyət" mövzularında sessiyalar keçiriləcək.
Martın 10-da konfrans iştirakçılarının 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşaya səfəri planlaşdırılır.
Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.