BAKI, 7 mart — Sputnik. Almaniya kansleri Olaf Şoltsun Ukraynanı dəstəkləməkdən imtina etməsi onun son məqsədinin Kiyevi danışıqlara razı salmaq olduğu anlamına gələ bilər. Bu barədə Politico yazır.
Nəşr qeyd edir ki, Şoltsun Ukraynanı "Taurus" uzaqmənzilli raketləri ilə təmin etmək istəməməsi almanların Rusiyadan qorxması, həm də ölkənin şərq sakinlərinin Rusiyaya qarşı mehriban münasibəti ilə izah olunur. Bununla belə, Almaniyanın qərbində çoxları hələ də əmindirlər ki, Rusiya Federasiyası ilə dialoq aparmaq lazımdır.
Nəşr yazır ki, Şoltsun Ukrayna üçün yanaşması onu göstərir ki, əsas məqsədi Ukraynanın sülh danışıqlarına razı salmaqdır.
Bu baxımdan, Şolts son vaxtlar "sülh kansleri" simasına bürünüb.
Martın 1-i səhər saatlarında "Rossiya Seqodnya" media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan deyib ki, o, yüksək rütbəli alman Bundesver zabitlərinin "Krım körpüsünü necə bombalayacaqlarını" müzakirə etdiyi səs yazısını əldə edib. Onun sözlərinə görə, 40 dəqiqəlik səs yazısında Bundesver zabitləri həm ABŞ, həm də Britaniya hərbçilərini xatırladaraq, onların uzun müddətdir münaqişədə birbaşa iştirak etdiyini müzakirə edirlər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, alman zabitləri arasında söhbətin məzmununda Qərbin Ukraynadakı münaqişədə bilavasitə iştirakı vurğulanır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Qərb planlaşdırdığı və böyük ölçüdə həyata keçirdiyi dağıdıcı hərəkətlərə görə məsuliyyət daşımalıdır.
Almaniyanın müdafiə naziri Boris Pistorius da öz növbəsində səs yazısının doğruluğunu təsdiqləyib və bildirib ki, söhbətin sızmasına səbəb konfrans iştirakçılarından birinin təminatsız əlaqəsi olub. O, həmçinin bildirib ki, Rusiya "bir neçə həftə, hətta aylar ərzində Almaniyada gündəmi müəyyən edir, fəal müzakirə olunan mövzuları müəyyənləşdirir. Almaniya kansleri Olaf Şolts qeyd edib ki, səs yazısının dərci ilə bağlı hərtərəfli və intensiv araşdırma aparılır.