SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan bu prinsipləri 30 ildən artıq müddətdə pozduğunu unutdurmağa çalışır - Hacızadə

Ayxan Hacızadə deyib ki, Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hal-hazırda da davam etdirdiyi iddialar xarici işlər naziri tərəfindən səslənən fikirlərlə tərs mütənasibdir
Sputnik
BAKI, 7 mart — Sputnik. Azərbaycan XİN Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın "Anadolu" agentliyində dərc edilmiş müsahibəsində sülh prosesi, ərazi bütövlüyünün və suverenliyin tanınması və kommunikasiya xəttlərinin açılması ilə bağlı açıqlamalarına münasibət bildirib.
Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, Ermənistan xarici işlər nazirinin beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdən bu kimi açıqlamaları reallıqları əks etdirmir.
XİN sözçüsü qeyd edir ki, suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən xarici işlər nazirinin təmsil etdiyi Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unutdurmağa çalışması təəssüf doğurur.
"Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi, eləcə də qondarma rejimi təbliğ edən açıqlamaları barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir" - Azərbaycan XİN rəsmisi bildirib.
Ayxan Hacızadə deyib ki, Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hal-hazırda da davam etdirdiyi iddialar xarici işlər naziri tərəfindən səslənən fikirlərlə tərs mütənasibdir:
"Ermənistan tərəfinin daim istinad etdiyi Alma-Ata bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur. Ermənistan tərəfinin əldə olunmuş razılıqlara və öhdəliklərinə zidd olaraq son üç il ərzində müxtəlif bəhanələrlə kommunikasiya xəttlərinin açılmasına maneə törətməsi, məsələyə dair razılığın əldə olunması məqsədilə heç bir praktiki həll variantları təklif etməməsi, yalnız bir sıra populist çıxışlar etməsi bölgədə əməkdaşlığa heç bir halda töhfə verməyən amillərdəndir. Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir".
Qeyd edək ki, "Anadolu" agentliyinə müsahibə verən Ermənistan XİN rəhbəri bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüb. Ermənistan XİN rəhbəri bildirib ki, tərəflər arasında müəyyən problemlər var və onların bəziləri ilə bağlı Azərbaycanla razılığa gəliblər.
Mirzoyan iki mühüm məsələdə tərəflərin yanaşmalarının fərqli olduğunu bildirib. Deyib ki, bu problemlərdən birincisi iki ölkənin sərhədlərinin müəyyən edilməsi prinsipləri, digəri isə regional əlaqələr və nəqliyyat kommunikasiyaları ilə bağlıdır.