PAYTAXT XƏBƏRLƏRİ

Binə camaatı 1 manatlıq taksinin ümidinə qalıb, AYNA isə deyir ki, avtobus problemi yoxdur

Sakinlər bildiriblər ki, bəzən saatlarla avtobusa minmək üçün dayanacaqda gözləməli olurlar.
Sputnik
BAKI, 7 mart — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın Binə qəsəbəsində yaşanan avtobus böhranına aydınlıq gətirib. Sakinlərin Sputnik Azərbaycan-a ünvanladığı müvafiq şikayəti araşdıran qurum, əslində Binədə avtobus probleminin olmadığını iddia edib.
"Xəzər rayonunun Binə qəsəbə ərazisi üzrə ümumilikdə 7 sayda marşrut fəaliyyət göstərir. Qəsəbəni “Koroğlu” metro stansiyası ilə 160 nömrəli marşrut əlaqələndirir və nağdsız qaydada fəaliyyət göstərir. Marşrut üzrə 18 böyüktutumlu avtobus 6-7 dəqiqə intervalla xidmət göstərir" - qurum bildirib.
Həmçinin qeyd edib ki, Binə qəsəbəsində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara qarşı reyd keçirilib.
"Qəsəbə daxilində 190 nömrəli marşrut nağdsız qaydada fəaliyyət göstərir. Marşrut üzrə 4 avtobus sərnişindaşımaya cəlb edilmişdir. Bu gün nəqliyyat vasitələrinin sayı 6-ya çatdırılıb. Sərnişin tələbatı nəzərə alınaraq 1-ci gündən avtobus sayının 8-ə çatdırılması ilə bağlı daşıyıcıya tapşırıq verilib" - AYNA-nın məlumatında deyilir.
Qurum qeyd edib ki, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək. Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir.
"Avtobus parkının yenilənməsi ilə bağlı məsələyə gəlincə, ölkə üzrə bu istiqamətlərdə təhlillər aparılıb. Avtobus parkının yenilənməsi ilə bağlı mütəmadi olaraq daşıyıcı şirkətlər qarşısında məsələ qaldırılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydaları müsabiqəyə təqdim olunur. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər" - AYNA əlavə edib.
06.03.24, 17:55
1 manatlıq taksilərin ümidinə qalmışıq
Binə qəsəbəsində sakinlər avtobus problemi ilə üz-üzədir. Qəsəbə sakinləri Sputnik Azərbaycan-a şikayətlərində bildiriblər ki, Binədən Koroğlu metrostansiyasına yalnız 160 saylı maşrut fəaliyyət göstərir. Bu avtobuslara isə sərnişinlər minə bilmirlər. Səbəb qəsəbədə sərnişin sıxlığının çox olmasıdır. Sakinlər bildiriblər ki, bəzən saatlarla avtobusa minmək üçün dayanacaqda gözləməli olurlar. Sıxlıq olduğundan, sərnişinlərin çoxu avtobusa minə bilmir.
Sakin Venera Orucova Sputnik Azərbaycan-a bildirib ki, qəsəbədə əhali sıxlığı artsa da, aidiyyatı qurumlar bunu nəzərə alaraq marşrut sayını artırmır. Nəticədə sakinlərin çoxu Koroğlu stansiyasına getmək üçün "1 mantalıq taksi"lərdən istifadə etməli olur.
Onlar bildiriblər ki, yaxınlıqdakı Hövsan qəsəbəsindən şəhər istiqamətinə bir neçə marşrut fəaliyyət göstərir. Amma Binə qəsəbəsi isə bircə 160 saylı xətin ümidinə qalıb.
Sakinlərin dediyinə görə, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə 190 saylı avtobuslar fəaliyyət göstərsə də, qəsəbədən şəhərə yalnız bir marşrut sərnişin daşıyır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a şikayətin araşdırılacağını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.