TƏHSİL

Kadr ehtiyatı olduğu təqdirdə Qarabağ məktəblərində rus bölməsi yaradıla bilər - Direktor

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru bildirib ki, Qarabağ məktəblərində rus bölməsinin yaradılması üçün müraciət daxil olmayıb.
Sputnik
BAKI, 6 mart — Sputnik. Pedaqoji kadr ehtiyatı olduğu təqdirdə Qarabağ məktəblərində rus bölməsi yaradıla bilər. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib.
Agentliyin direktoru bildirib ki, hazırda ölkədə rus bölməsində çalışacaq kadr ehtiyatında problem yaşanır:

"İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə bütün infrastruktur qurulub, amma kadr ehtiyatımız yoxdur. Bu məktəblərdə rus bölməsinin yaradılması üçün agentliyə müraciət daxil olmayıb".

Xatırladaq ki, Qarabağ Regional Təhsil İdarəsi Azərbaycan Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılıb. Təhsil nazirinin əmri ilə "Regional Təhsil İdarəsinin Nümunəvi əsasnaməsi" təsdiq edilib.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində 447 ümumtəhsil müəssisəsi, 178 məktəbəqədər təhsil müəssisəsi, 14 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.