TƏHLİL

Ermənistan rəsmiləri müsəlman ölkələrindən nə istəyir?

Fevralın sonunda və martın əvvəlində Ermənistan rəsmilərinin müsəlman ölkələrinə ardıcıl səfərləri baş tutdu.
Sputnik
BAKI, 6 mart — Sputnik. Son dövrlər Ermənistanın müsəlman ölkələri ilə əlaqələrinin intensizləşməsi müşahidə edilir. Ermənistan rəsmilərinin İslam ölkələri ilə münasibətlərin istiləşməsi üçün atdıqları addımların arxasında hansı maraqların dayanması maraq doğurur.
Qeyd edək ki, Azərbaycanın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə Ermənistanı təcavüzkar ölkə kimi tanıyıb, Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən dağıdılması İƏT çərçivəsində bəyan edilib. Məhz Azərbaycan-Ermənistan arasında mövcud olmuş münaqişə üzündən bəzi ölkələr Ermənistanla əlaqələr qurmayıb. Münaqişə başa çatdıqdan sonra isə İslam ölkələri ilə Ermənistanın münasibətlərində yaxınlaşma müşahidə edilir.
Bir çox hallarda münasibətlərin yaxşılaşmasında təşəbbüskar kimi Ermənistan çıxış edir. Ancaq ümumən Ermənistanın müsəlman ölkələri ilə münasibətləri tarixi bağlara söykənir.
Bəzi hallarda müsəlman ölkəsinin Ermənistana yanaşması təəccüblə qarşılanır. Belə bir hala nümunə kimi Qətər-Ermənistan münasibətlərini göstərə bilərik. 2019-cu ildə Ermənistanın Qətərdə səfirliyinin açılması ilə bağlı qərar qəbul olunanda Qətər Ermənistanın Dohadakı səfirliyinin maliyyə xərclərini böyük bir hissəsini üç il müddətinə qarşılamağı öz üzərinə götürüb.
Ermənistanın uzun illərdir dilomatik münasibətlər qurmaq istədiyi digər bir ölkə isə Səudiyyə Ərəbistanı idi. Məhz ötən ilin noyabrında, Qarabağ münaqişəsi başa çatdıqdan sonra Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulub. Müvafiq protokol 2023-cü ilin noyabrın 24-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə imzalanıb.
Cari ildə də təmaslar davam etdirilir. Fevralın sonunda və martın əvvəlində Ermənistan rəsmilərinin müsəlman ölkələrinə ardıcıl səfərləri baş tutdu. İlk olaraq Ermənistan prezidenti Vahan Xaçaturyan İraqa səfər etdi. Ermənistan prezidentinin İraqda qarşılanması və keçirdiyi görüşlər münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir.
Qeyd edək ki, bu İraq və Ermənistan prezidentlərinin ilk görüşü deyildi. Rəsmi şəxslərin bəyanatlarından aydın olur ki, İraqda ermənilərin yaşaması iki ölkə arasında əlaqələrdə körpü rolunu oynayan əsas faktorlardandır. Zəngin enerji resurslarına malik İraqla münasibətlərin yaxşılaşdırılması Ermənistanın mənafeyinə cavab verir. Rəsmilərin görüşündə Ermənistan və İraq arasında iqtisadiyyat, enerji, yüksək texnologiyalar, elektron idarəetmə sistemləri, turizm, səhiyyə və digər sahələrdə qarşılıqlı fəaliyyət potensialı müzakirə edilib və addımların aktivləşdirilməsinin zəruriliyi qeyd edilib.
Ermənistan Baş naziri Nikol Paşinyanın Misirə səfəri zamanı verilən açıqlamalar da gündəmdə önəmli yer tuturdu. Paşinyanın səfəri Yaxın Şərqdəki qanlı hərbi toqquşmalar fonunda baş tutdu. Ermənistan baş naziri Misirin göstərdiyi təşəbbüsləri və humanitar fəaliyyəti təriflədi. Paşinyan Misiri ölkəsinin Yaxın Şərqdəki ən yaxın müttəfiqi adlandırdı. Eyni zamanda Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Ermənistanla müxtəlif sahələr üzrə, xüsusən də süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi. Qeyd etmək lazımdır ki, Ermənistan müstəqilliyini bəyan edərkən Misir onu tanıyan ilk müsəlman ölkələrindən olub.
Martın 6-da Ermənistan müdafiə naziri Suren Papikyan İrana səfər edib. Qeyd edək ki, bir müddət əvvəl Ermənistan hakimiyyəti İranla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair müqavilə imzalamaq niyyətində olduğunu bildirmişdi. İran-Ermənistan əməkdaşlığı bütün tarixi dövrlərdə müsbət xarakterizə olunur. Strateji nöqteyi nəzərdən Türkiyə və Azərbaycanla hər zaman hamar olmayan münasibətlər fonunda Ermənistan İran müttəfiqliyi hər iki ölkə üçün əhəmiyyət kəsb edir.
Suren Papikyan
Ermənistanın müsəlman ölkələri ilə təmasların sıxlaşdırılmasında həm də iqtisadi mənfəətlər güdməsi yetərincə ağlabatandır. Enerji resursları ilə zəngin olan ölkələrdən Ermənistana qoyulacaq istənilən investisiya bu ölkə üçün hava-su kimi vacibdir.
Bir müddət əvvəl Ermənistan rəsmiləri getdikləri bütün ölkələrdə "Sülh kəsişməsi" layihəsindən danışırdılar. Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin oktyabrın 26-da Tbilisidə keçirilən "İpək Yolu" Beynəlxalq Konfransında çıxışı zamanı bu layihənin prinsiplərini təqdim etmişdi. Ermənistan bu layihənin Şərqlə Qərbi birləşdirəcək effektiv layihə olduğunu bildirirdi. Nədənsə, son dövrlər artıq Ermənistan rəsmiləri bu layihədən danışmırlar.
Ermənistan siyasi hakimiyyətinin İslam coğrafiyasında fəallığının Azərbaycan üçün ziyanlı tərəfindən danışmaq tez olsa da, ikitərəfli əməkdaşlıq perspektivlərinin diqqətdə saxlanması zərurətə çevrilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.