TƏHSİL

Bu il bağça müəllimlərinin sertifikasiyası aparılmayacaq

Eşqi Bağırov bildirib ki, tərbiyəçilər üçün cari ildə yalnız diaqnostik qiymətləndirmə keçiriləcək. Bu, bütün ölkədə elektron qaydada tətbiq olunacaq.
Sputnik
BAKI, 6 mart — Sputnik. Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilər üçün cari ildə sertifikatlaşdırma prosesi keçirilməyəcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib.
O bildirib ki, tərbiyəçilər üçün cari ildə yalnız diaqnostik qiymətləndirmə keçiriləcək:

"Bu, bütün ölkədə elektron qaydada tətbiq olunacaq. 60 sualdan ibarət olan tapşırıqlar nəzəri, psixoloji suallardan ibarət olacaq. Diaqnostikaya 1 ay qalmış tərbiyəçilərə bu barədə məlumat veriləcək".

Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, arxiv şəkli
Eşqi Bağırov diqqətə çatdırıb ki, 2025-2026-cı illərdə bağçalarda çalışan tərbiyəçilərin 17 minə qədəri sertifikatlaşdırma prosesindən keçiriləcək.
Xatırladaq ki, keçən ilin sonunda "Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşması test və müsahibədən ibarət olmaqla iki mərhələdə aparılacaq.
Qeyd olunub ki, test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual təqdim edilir.
Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Test imtahanı mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.