HƏRBİ

Azərbaycanın müdafiə nazirinin Türkiyəyə səfəri başlayıb

Səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.
Sputnik
BAKI, 6 mart — Sputnik. Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.
Müdafiə Nazirliyindən bildiriblər ki, səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.
Xatırladaq ki, fevralın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyində keçirilən görüşdə Türkiyə nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən müdafiə naziri hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.
General-polkovnik Z.Həsənov Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.
Özünün də Azərbaycanın bir övladı olduğunu qeyd edən cənab Ş.Alpay göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Cənab Ş.Alpay Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin salamlarını çatdırıb, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan, uğurla inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluğunu ifadə edib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcının da iştirak etdiyi görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilən cənab Ş.Alpaya "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.