BAKI, 6 mart — Sputnik. Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb.
Sonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Xatırladaq ki, Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə də görüşüb.
Görüşdən əvvəl general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, Ulu Öndərlərin xatirələrinə ehtiram nümayiş etdirib.
Sonra Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, müdafiə nazirləri fəxri qarovulun önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
General-polkovnik Z.Həsənov protokola uyğun olaraq şərəf kitabını imzalayıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan qardaş ölkənin milli müdafiə naziri onları Türkiyədə görməkdən məmnunluğunu bildirib. Cənab Y.Gülər ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Müdafiə naziri türkiyəli həmkarına göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri cənab Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.