BAKI, 5 mart - Sputnik. "Uşaqlara qarşı zorakılığın mənfi nəticələri, zorakılığın yolverilməzliyi və ondan müdafiə mexanizmləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə təhsil müəssisələrində mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasına son dərəcə böyük ehtiyac var".
Bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsini təqdim edərkən deyib.
O, həmçinin qeyd edib ki, narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrində müvafiq şöbələrin yaradılması, narkoloji müalicə müəssisələrindəki sıxlığı və müalicə gözləyən şəxslərin sayının çoxluğu nəzərə alınaraq, belə müəssisələrin sayının artırılması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir üsulların tətbiq edilməsi üzrə tədbirlər görülməlidir.
Qeyd edək ki, bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi” müzakirəyə çıxarılıb.
Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib.
Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.