CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz" qazla işləyən hansı su qızdırıcılarını mənzillərdən çıxarır? Rəsmi

Şöbə rəisi onu da qeyd edib ki, hamamda qazla işləyən qızdırıcıların nasaz olduğu aşkarlanarsa, ora qazın verilişi dayandırıla bilər.
Sputnik
BAKI, 5 mart — Sputnik. "Azəriqaz" qazla işləyən su qızdırıcılarının mənzillərdən çıxarılması haqda xəbərlərə aydınlıq gətirib.
İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dəm qazından zəhərlənmə və ölüm hadisələrinin çoxu hamamlarda qazla işləyən qızdırıcıların qoyulmasından və tüstü bacalarının təmizlənməməsi səbəbindən baş verir.
Şöbə rəisi vurğulayıb ki, qaydalara görə hamam otaqlarında qazla işləyən su qızdırıcılarının istifadəsı qadağandır.
"Odur ki, "Azəriqaz" İstehsalat Birliyi yaşayış evlərinə baxış keçirərək qazla işləyən su qızdırıcılarının hamam otağından çıxarılaraq qeyri-yaşayış yerlərində yerləşdirilməsini təmin edir" - Behbudov bildirib.
Şöbə rəisi onu da qeyd edib ki, hamamda qazla işləyən qızdırıcıların nasaz olduğu aşkarlanarsa, ora qazın verilişi dayandırıla bilər.
"Azəriqaz" rəsmisi elektrik su qızdırıcılarının da sökuləcəyi barədə şayiələrə münasibət bildirib.
"Biz qazla işləyən avadanlıqla məşğul oluruq. Elektrik su qızdırıcıları bizə aid deyil. Əksinə sakinlər qazla işləyən qızdırıcıları hamamdan çıxarmağa çətinlik çəkəndə və ya istəməyəndə onlara elektrik qızdırıcı quraşdırmağı məsləhət bilirik" - o, əlavə edib.