CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki il əvvəl itkin düşmüş qadının boğularaq öldürüldüyü üzə çıxdı

Bahar Məmmədovanın meyitinin basdırıldığı yer Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunub.
Sputnik
BAKI, 4 mart — Sputnik. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qəsdən öldürülməsi müəyyən edilib.
Belə ki, Bahar Məmmədovanın 2022-ci ilin may ayında itkin düşməsi faktı üzrə Abşeron rayon polis idarəsi və Abşeron rayon prokurorluğu əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Bahar Məmmədovanın meyitinin basdırıldığı yer Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq ekspert və prokuror-kriminalistin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Könül Baxşəliyev Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, ötən ay Ağdamda bunabənzər qətlin üstü açılıb. Ağdamda 4 il əvvəl itkin düşən qızın atası və həyat yoldaşı tərəfindən qətlə yetirildiyi üzə çıxıb. Şikar Nəcəfov həyat yoldaşı ilə birgə qızı Nərgiz Nəcəfovanı qətlə yetirdikdən sonra onu itkin kimi axtarışa verib.