QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb

Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi araşdırmaları davam etdirir.
Sputnik
BAKI, 3 mart - Sputnik. İşğaldan azad olunmuş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkarlanması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.
Xocalıda kütləvi məzarlıq
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 1 nəfərə aid insan qalıqları aşkarlanıb və bununla da kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 14 şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn edilməmələri müəyyənləşib.
Xocalıda kütləvi məzarlıq
Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər AkademiyasıBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Nəticələr barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.