BAKI, 3 mart - Sputnik. Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir. Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Ağdamın Əhmədağalı kəndində martın 3-də baş vermiş mina partlayışına dair bəyanatında deyilir.
Ombudsman bildirib ki, Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
“Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olub. Belə ki, Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanıb. İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olub və ya xəsarət alıb” - Səbinə Əliyeva xatırladıb.
Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina hadisəsi baş verib. 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.