BAKI, 3 mart — Sputnik. Meksikada Milli Tarix və Antropologiya İnstitutunun (INAH) arxeoloqları sapateklərin Mitlan şəhərində georadar tədqiqatı apararaq sirli yeraltı labirintin izlərini aşkar ediblər. INAH-ın saytında araşdırma haqqında qısa hesabat dərc olunub.
Arxeoloqlar bir neçə qabaqcıl texnologiyalardan, o cümlədən yerə nüfuz edən radardan (GPR), elektrik tomoqrafiyasından (ERT) və ətraf mühitin seysmik səs-küy interferometriyasından (AIRSA) istifadə ediblər. Onların məqsədi müqəddəs Pavel kilsəsinin altında yerləşən potensial arxeoloji əraziləri axtarmaq olub.
O, XVII əsrdə ispanlar tərəfindən "ölülər şəhəri" hesab edilən Mitla şəhərinin xarabalıqları üzərində inşa edilib.
Sapatek inanclarına görə, Mitlanın altında ölülərin yeraltı dünyasına giriş olub. Yeri gəlmişkən, hazırda Mitla arxeoloji abidədir. Bu şəhər Meksikanın cənubundakı eyniadlı ştatda Oaxaka vadisində yerləşir.
Yerli əfsanəyə görə, yuxarıda qeyd olunan kilsə dirilər səltənətindən ölülər səltənətinə keçid üçün bir növ dəhliz rolunu oynayan yeraltı labirintin girişində tikilib. Yeraltı dünya yerli nauatl dilində "Miktlan" adlanır, bu da "ölülərin yeri" deməkdir.
Tədqiqat çərçivəsində arxeoloqlar əvvəlcə dördbucaqlı ərazini tədqiq ediblər. İspanlardan əvvəlki dövrdə onun üzərində bütpərəst məbədi mövcud olub. Müstəmləkəçilikdən sonra ispanlar orada kilsə tikiblər. Meydan dörd kurqanla əhatə olunub, onların içərisində boşluqlar aşkar edilib. Kilsənin özünün altında, yerə nüfuz edən radar İspanlardan əvvəlki məbədin qalıqlarını aşkar edib. Ancaq ən maraqlısı radar tərəfindən aşkar edilən "labirint izləri" olub.
Əldə edilmiş məlumatların ilkin işlənməsi onu deməyə əsas verir ki, abidənin mərkəzi hissəsində dəhlizlərlə birləşən üç dördbucaq var. Onlar, təxminən eramızın 1200-cü illərinə aiddir.
"Ümumilikdə, Mitla arxeoloji zonasının yeraltı hissəsinin öyrənilməsi üçün üç geofiziki üsul bizə arxeoloji maraq doğuran strukturların və xüsusiyyətlərin mövcudluğu barədə nəticə çıxarmağa imkan verən müvafiq məlumat verdi" - tədqiqatın həmmüəllifi Arqote Espino bildirib.
Bundan əlavə, qeyri-invaziv tədqiqat üsulları Mitlanın yeraltı konfiqurasiyasının, qədim "Leobaa"nın və ya sapotek dilində "Məzarlar Evinin" müəyyən edilməsinə kömək edib.
"Burada əsasən əcdadlara ehtiram üçün nəzərdə tutulmuş müqəddəs şəhər mövcud olub" - alim belə hesab edir.
Arxeoloqlar yaxın gələcəkdə labirintin, məsələn - boşluqları, döşəmələri və ya divarları kimi digər arxeoloji elementlərin də aşkar oluna biləcəyini istisna etmirlər. Bildirilib ki, bütün məlumatlar işləndikdən sonra sapateklərin yeraltı dünyasının 3D modeli yaradılacaq.
Bu sivilizasiya eramızdan əvvəl 6-cı əsrin sonlarında yaranıb. Mədəniyyət Oaxaka, San-Xose Moqote və Mitla şəhərlərində mərkəzləşib. Paytaxtı Monte-Alban şəhəri olub. Məlumdur ki, inkişafının zirvəsində sapotek sivilizasiyasının əhalisinin sayı 500 mindən çox olub. Bu xalq mürəkkəb tikinti texnikasını, öz yazı sistemini, iki təqvim sistemini və mürəkkəb kənd təsərrüfatı əkinçiliyini icad edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.