CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənədsiz evlərin qeydiyyata alınması problemi həll edilməlidir - Zahid Oruc

Komitə sədrinin sözlərinə görə, necə olur ki, vətəndaş yaşadığı evdən övladını əsgər yola salır, bütün kommunal xidmət haqlarını ödəyir, amma orada qeydiyyatda deyil.
Sputnik
BAKI, 29 fevral — Sputnik. İstifadələrində qanunla müəyyən edilmiş qaydada sənədləşdirilməmiş yaşayış sahəsi olan şəxslərin həmin yaşayış yerləri üzrə qeydiyyata alınmaları ilə bağlı problemlərin aradan qaldırılması məqsədilə qanunvericiliklə müvafiq mexanizmin hazırlanması məqsədəmüvafiqdir.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Sənəddə təklif edilib ki, ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlər, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlər inventarlaşdırılsın və dövlət qeydiyyatına alınsın, eyni zamanda həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanlar verilsin.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, vətəndaşların qeydiyyatdan çıxması ilə bağlı problem qalmaqdadır.
Komitə sədri bildirib ki, hesabatda Ombudsmanın müraciəti ilə vətəndaşların probleminin həll edildiyi qeyd edilib:
"Bəs, Ombudsmana müraciət etməyənlər necə? Biz istəyirik ki, bu vətəndaşların hamısının problemi həll olunsun".
Millət vəkilinin sözlərinə görə, növbəti problem mənzil, əmlak, sənədsiz evlərdir:

"Sənədsiz evlərin qeydiyyata alınması problemi həll edilməlidir. Bu məsələyə məruzədə yer verilib. Hökumət strukturlarından bununla bağlı ciddi atmağı tələb edirik. Necə olur ki, vətəndaş yaşadığı evdən övladını əsgər yola salır, bütün kommunal xidmət haqlarını ödəyir, amma orada qeydiyyatda deyil".

Zahid Oruc milli vəkil
Xatırladaq ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev mətbuata demişdi ki, qaydalara əsasən əgər vətəndaşın yaşadığı mənzilin müvafiq sənədi yoxdursa, şəxs həmin ünvanda qeydiyyata düşə bilmir, belə olan halda vətəndaşa tövsiyə olunur ki, öz yaxın qohumlarının evinə qeydiyyata düşsün:
"Yəni polisə aid inzibati binalarda qeydiyyatda olmaq prosesi artıq ləğv olunub, burada qeydiyyata düşmək olmur. Çünki 2000-ci illərin əvvəllərində Bakıda evlərin çoxunun sənədi yox idi, onlara qeydiyyata düşə bilmirdi. Ona görə də bu prosesin qarşısını almaq üçün vətəndaşlar polisə aid olan inzibati binaya qeydiyyata düşürdü. Lakin apardığımız müşahidələr onu göstərdi ki, bəzi vətəndaşların artıq evləri və evlərinin müvafiq sənədləri var, amma hər hansı bir səbəbdən polisə aid inzibati binada qeydiyyatdan çıxmaq istəmirlər. Bununla da pərakəndəlik yaranırdı. Məsələn, tutaq ki, vətəndaş Sabunçu rayonunda polisə aid inzibati binada qeydiyyatdadır, amma paytaxtın digər rayonunda ev alır və evinin müvafiq sənədi olduğu halda orada qeydiyyata düşmək istəmir. Vətəndaşı axtaranda, müvafiq dövlət qurumları tərəfindən, məsələn, evlənmə, boşanma, təhsil və sairə məsələlərlə bağlı sorğular daxil olanda onu polisə aid inzibati binada axtarırdılar və şəxsi tapmaqda çətinlik yaranırdı. Bu səbəbdən polisə aid olan inzibati binalardan vətəndaşlar qeydiyyatdan çıxarılıb və tövsiyə olunub ki, yaxın qohumların evlərinə qeydiyyata düşsünlər".
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev
"Əgər şəxsin qohumu yoxdursa, onun qeydiyyata düşməsi məsələsi necə tənzimlənir?" sualına qurum əməkdaşı belə cavab verib:
"Əgər hər hansı bir səbəbdən vətəndaşın, ümumiyyətlə, qohumu, yaşadığı yerin müvafiq sənədi yoxdur, qeydiyyata düşə bilmirsə, bu zaman vətəndaş məhkəməyə müraciət edir və araşdırma nəticəsində həmin məsələyə baxılır ki, həqiqətən həmin şəxsin doğrudan da yaxın qohumları yoxdur və onların yaşadıqları binaların müvafiq sənədi yoxdursa, bu zaman müvafiq tədbir görülür. Yəni heç bir vətəndaş qeydiyyatsız qalmır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.