TƏHSİL

Nazir: "Min azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik"

Nazir il üçün ikinci böyük təşəbbüs kimi Azərbaycan-Türkiyə universitetinin yaradılmasını vurğulayıb
Sputnik
BAKI, 29 fevral — Sputnik. 2024-cü ilin ən vacib xəbəri Xankəndində Qarabağ Universitetinin fəaliyyətə başlaması olacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

"Yəni artıq sentyabrda 1000 nəfər azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Buna uğurla nail olacağımıza inanırıq" - nazir əlavə edib.

Nazir il üçün ikinci böyük təşəbbüs kimi Azərbaycan-Türkiyə universitetinin yaradılmasını vurğulayıb:
"Bu universitet ölkələr arasında qardaşlıq bağların elm və təhsil sahəsində möhkəmlənməsinə xidmət edəcək. Hansı ki irəlidəki 7-8 ay ərzində bu ali təhsil müəssisəsinin qurulmasına nail olunacaq".
Xatırladaq ki, Prezident İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.