MƏDƏNİYYƏT

Müğənni Nərmin Kərimbəyova: Boşanmağımın səhnəyə gəlməyimlə heç bir əlaqəsi yoxdu

Məşhur azərbaycanlı ifaçı yeni planları, yaradıcılığı haqqında və şəxsi həyatından danışıb.
Sputnik
BAKI, 29 fevral — Sputnik. Azərbaycanlı müğənni Nərmin Kərimbəyova bir neçə ildir ki, hazırladığı irimiqyaslı layihəsini tezliklə təqdim etmək niyyətindədir.
İfaçı irimiqyaslı layihəsi, yeni planları, şəxsi həyatı və digər bir çox şey haqqında Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb.
- Nərmin, siz hansı layihəni tamaşaçılara təqdim edəcəksiniz?
- Mən tamaşaçılara 20-ci klipimi təqdim edəcəyəm. İlk dəfədir ki, bu münasibətlə böyük təqdimat təşkil etmək, dostlarını və media nümayəndələrini dəvət etmək qərarına gəldim. Mən təqdimatım üçün qeyri-adi bir tarix seçdim - 29 fevral, çünki məhz bu gün dörd ildən bir olur.
Düzünü desəm, bundan əvvəl belə bir şey təşkil etmək istəyim olmayıb. Ola bilsin ki, bu, koronavirus pandemiyası və ya digər nüanslarla bağlı olub. Bütün bunlardan əlavə, təqdimat keçirtmək o qədər də dəbdə olmayıb, buna görə də istəmirdim. İndi isə təqdimatlar keçirmək populyarlaşıb.
Deyə bilərəm ki, yeni klipimin çəkilişləri Gürcüstanda baş tutub. Kompozisiya romantikdir. Artıq bütün radiodalğalarda səslənir. Bir neçə gün əvvəl bu mahnının remiks versiyasını da hazırladıq. Təqdimatdan sonra kompozisiya və klip bütün musiqi platformalarında nümayiş olunacaq.
- Sizcə, indi hansı mahnılar daha populyardır?
- Bunu anlamaq çox çətindir, çünki hər kəsin zövqü fərqlidir. Yüksək keyfiyyətli musiqi həmişə tamaşaçılar tərəfindən bəyənilmir. Biz sənətçilər bəyəndiyimiz mahnını təqdim etmək istəyirik, ancaq dinləyicilərin bəyənib-bəyənməyəcəyini bilmirik. Romantik mahnı təqdim etməklə risk edirəm, lakin mənim xoşuma gəlir. Əgər insan bir şeyi həqiqətən də çox bəyənirsə, o zaman başqalarının da onu sevməsinə nail ola bilər. Yeni kompozisiyamla bağlı rəylər yaxşıdır, çoxları sosial şəbəkələrdə məni qeyd edərək mahnımı paylaşırlar.
- Nərmin, bildiyim kimi, siz ixtisasca hüquqşünassınız. Müğənni olduğunuza görə peşman olmusunuzmu?
- Ailəmdə hər kəs həkimdir, ona görə də anam çox istəyirdi ki, mən də onların yolunu davam etdirim. Əslində həkim ola bilərdim, çünki bunun üçün bacarığım və biliyim var. Lakin kim olmağımdan asılı olmayaraq, musiqi məni hər zaman özünə çəkib. Musiqi mənim üçün sığınacaqdır və həmişə də belə olub.
Düşünürəm ki, mən bu sahəni seçməklə və musiqidə özümü təsdiqləməyi bacarmaqla düzgün iş görmüşəm. Ancaq hər şey əksinə olsaydı belə, yenə də peşman olmazdım. Əgər bir insan başqalarından daha yaxşı bir şey edə biləcəyini düşünürsə, o zaman özünü bu peşədə mütləq sınamalıdır. Ən əsası özünə inanmaqdır. Hal-hazırda heç nəyə görə peşman deyiləm, ancaq bir neçə ildən sonra musiqi ilə məşğul olub-olmayacağım bəlli deyil.
- Sizin bu sahəni tərk etməyiniz üçün nə baş verməlidir?
- Bizim peşəmiz çox çətindir, xüsusən də Azərbaycanda işləyirsənsə. İnsanların bilmədiyi bir çox nüanslar var. Sadəcə, onları açıqlamaq istəmirəm. Əgər hamısını açıb danışsam, insanlar niyə hələ də bu peşədə olduğumu başa düşməyəcəklər. Musiqini və səhnəni o qədər sevirəm ki, hər şeyə gözümü yumuram. Yaradıcı insanı yalnız yaradıcı insan başa düşə bilər.
Müğənni Nərmin Kərimbəyova
- Müsahibələrinizdə dəfələrlə şou-biznesi çirkli dünya adlandırmısınız. İndi də belə düşünürsünüz?
- Bəli, mən bunu dəfələrlə demişəm. Bunu yalnız şou-biznesə şamil etməklə səhv etmişəm, çünki indi bizim cəmiyyətdə bütövlükdə çirkablar çoxdur. Bunu ancaq zaman keçdikcə anlamışam. Hesab edirəm ki, yaşadığım zamana tam uyğun gəlmirəm. İnsanların bir-birlərinə pis münasibət göstərmələrini, bir-birlərinə pis hərəkətlər etmələrini sevmirəm. Ruhdan düşməmək üçün özümü mənəvi cəhətdən dəstəkləyirəm. Xoşbəxtəm ki, Allah məni müsbət enerji ilə mükafatlandırıb və bu, həyatımı davam etdirməyə kömək edir.
- Siz müxtəlif janrlarda oxuyursunuz? Hansı janrlar sizə daha yaxındır?
- Estrada janrı mənə həmişə daha yaxın olub. Həmçinin rok, blüz və solo janrlarında da mahnıları çox sevirəm.
- Həmkarlarınızdan təkcə səsinizlə deyil, həm də rəqsinizlə də fərqlənirsiniz. Onları özünüz yaradırsınız?
- Mən iki yaşımdan oxumağa, rəqsə isə daha erkən yaşlarımdam başlamışam. Musiqini eşidən kimi dərhal rəqs etməyi istəyirəm. Ailə həyatı qurmamışdan əvvəl evdə hər gün maksimum bir saat rəqs edirdim. Mən rəqs etmək üçün həmişə vaxt tapmışam. Öz rəqlərimlə enerjimi bacardıqca tamaşaçılara ötürməyə çalışıram.
- Ancaq çoxları sizi rəqsinizə görə sizi tənqid edir. Buna münasibətiniz necədir?
- Əvvəllər çox sayda tənqidlər olduğu üçün bundan narahat idim. Ancaq əməliyyat olunduqdan və ölümlə üz-üzə qalandan sonra bütün bunların vacib olmadığını başa düşdüm. Bu kimi insanlara vaxt sərf etməyə dəyməz. Onlar istədiklərini edə bilməyən və paxıllıqdan başqalarını tənqid edən insanlardır. Hər kəs məni sevə bilməz, ona görə də mən bütün bunlara sakit yanaşıram.
Müğənni Nərmin Kərimbəyova
- Toy məclislərində tez-tez çıxış edirsiniz?
- Azərbaycanda ifaçılar çoxdur, buna görə də seçim genişdir. Əksəriyyəti əsasən primitiv mahnılar ifa edirlər və bu tip mahnılar çoxlarının xoşuna gəlir. Keyfiyyətli musiqi ifa edən müğənnilər o qədər də çox deyil. Estradamızda mənə bənzəyən ifaçı yoxdur. Deyə bilmərəm ki, toy məclislərinə çox dəvət almıram, onların sayı elə də çox deyil. Ancaq ailə tədbirlərində, korporativ tədbirlərində də çıxış edirəm.
- Az öncə dediyiniz kimi, bir müddət əvvəl əməliyyat olunaraq qaraciyərinizin bir hissəsini qardaşınıza vermisiniz. İndi qardaşınız özünü necə hiss edir?
- Allaha şükür, onunla hər şey yaxşıdır. Üç aydan bir müayinə üçün Türkiyəyə gedir. Qardaşımın uzun müddətdir ki, səhhətində problemlər olub. Uşaqlıqda xəstəliyə yoluxub və illər boyu yanlış müalicə olunub. Valideynlərim onu hər yerə aparıblar. Biz ona görə hər zaman narahatçılıq içində olmuşuq, ancaq bu barədə heç kimə heç nə deməmişik. İş o yerə çatdı ki, artıq seçimimiz qalmadı. Dərhal qardaşıma kömək etməyə razılaşdım. Geç bərpa olunan orqanizmə sahibəm, Allaha şükürlər olsun ki, sağaldım. Əməliyyatlardan sonra həmişə sağalmaqda çətinlik çəkirəm.
- Bir çox ifaçılar bu sənətə başlayandan sonra ailə qurur, siz isə əksinə, həyat yoldaşınızdan ayrılmısınız. Boşanmağınıza səbəb səhnəni seçməyiniz olub?
- Ailəmizdə fikir ayrılıqları mən oxumağa başlamazdan əvvəl başlayıb. Həyat yoldaşım yaradıcılıqla məşğul olmağa başlayanda sevindi, məni dəstəklədi. Səhnə məni heç dəyişmədi. Düzünü desəm, bu barədə danışmaq istəmirəm, çünki mənim üçün bu artıq keçmidə qalıb.
- Yenidən ailə həyatı qurmaq istərdinizmi?
- Mən bu haqda düşünürəm. Təkliflər həmişə olur. Birinci seçimim o qədər də uğurlu olmadığından düzgün seçim etmək çox çətindir. Ailə həyatı qurmağa tələsmirəm.
- Nərmin Kərimbəyova indi nə xəyal edir?
- Bütün arzularım yaradıcılıqla bağlıdır. Mən özümü daha qlobal səviyyədə təqdim etmək istərdim və bunun üçün pərəstişkarlarımın köməyinə ehtiyacım var. Yeni təkliflər və ideyalar eşitməyə hazıram.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.