BAKI, 29 fevral — Sputnik. Bakı metrpolitenində iki xətt, yəni "Qırmızı xətt" və "Yaşıl xətt" bir müstəvidə kəsişir və "28 May" stansiyasından "Həzi Aslanov" stansiyasına qədər qatarlar yalnız bir xətlə idarə edilir.
Bunu "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov bu gün keçirilən "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" adlı konfransda deyib.
Bakı Metropoliteninin "Xocasən" elektrik deposu və stansiyası
© Sputnik / Murad Orujov
"Bu da risk daşıyan bir haldır. Odur ki bu problemin həlli ən vacib məsələlərdəndir. Xəttin ayrılması bir çox sahələri özündə birləşdirir. Bundan irəli gələn problemlər var ki, birgə həll edilməlidir" - H.Məmmədov əlavə edib.
Hesab edilir, ki "Qırmızı xətlə" "Yaşıl xətt"in ayrılması metroda sərnişin sıxlığının azalmasına, sərnişinlərin mənzil başına daha tez çatmasına, ictimai nəqliyyatın yükünün artmasına, nəticə etibarilə yerüstü nəqliyyatda tıxacların aradan qalxmasına səbəb ola bilər. Sərnişin axınının parçalanması bir xəttin yüklənməsinin qarşısını alır.
Qeyd edək ki, keçid stansiyaları dünyanın hər yerində mövcuddur.
Layihəyə əsasən, xətlər ayrıldıqda "İçərişəhər - Həzi Aslanov" qırmızı xətt, "Xətai - Dərnəgül" ("Cəfər Cabbarlı" keçid stansiyası) yaşıl xətt, "Xocahəsən - 8 Noyabr" bənövşəyi xətt olacaq.
Hidayət Məmmədov bildirib ki, "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin I yarısında yekunlaşacaq.
"Stansiyada artıq üzlük işlərinə başlamışıq. Stansiya divarlarında, orta zalda müvafiq işlər gedir" - o əlavə edib.
Metro rəsmisi eyni zamanda "Həzi Aslanov" stansiyasında iki mərhələli təmir işlərinin aparılacağını bildirib:
"İlk öncə stansiyadan çöldə divarların bərkidilməsi və qazma işləri aparılacaq. Daha sonra müəyyən məhdudiyyətlər tətbiq edilməklə, hərəkət üçün bağlamamaq şərtilə stansiyanın digər dalanında əsaslı təmir işləri aparılacaq. Yəni qatarların stansiyaya gediş-gəlişi təmin ediləcək, sadəcə dalanın hərəkəti məhdudlaşdırılacaq".
Rəis müavini deyib ki, Bakı metrosunda gedişhaqqının artırılması barədə müzakirələr aparılmır.
O, eyni zamanda bu il Bakıya yeni metro vaqonlarının gətiriləcəyini deyib:
"Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.