BAKI, 29 fevral — Sputnik. "Avroviziya-2009" Mahnı Müsabiqəsinin qalibi, belarus əsilli norveçli müğənni Aleksandr Rıbakın Bakıda konserti baş tutub.
Sənətçi bir neçə gün əvvəl Heydər Əliyev Sarayının səhnəsində 28 və 29 fevral tarixlərində iki konsert vermək üçün Azərbaycan paytaxtına gəlib. Onun ilk çıxışı ötən axşam baş tutub. Cəmi 30 dəqiqə davam edən konsertin birinci hissəsində Rıbak hitlərini ifa edib.
Konsert 20 dəqiqəlik antraktdan sonra Azərbaycanın əməkdar artisti Səbinə Babayeva öz instrumental ansamblı ilə birlikdə səhnəyə çıxıb. O, köhnə hitlərini ifa edib, Rıbakla duetdə isə türkiyəli ulduz Hadisənin cəmi bir repertuarına müraciət edərək "Düm Tek Tek" mahnısını səsləndirib. Babayeva digər kompozisiyalarını ifa edərkən Aleksandr əlində skripka ilə bəzən səhnəyə çıxaraq onu müşayiət edib.
Möhtəşəm səsə malik və Azərbaycanda peşəkar ifaçılardan biri olan Səbinə Babayevanın çıxışı gecəyə bəzək verib. Xatırladaq ki, ifaçı 2012-ci ildə "Avroviziya" Mahnı Müsabiqəsində dördüncü yeri tutub, həmçinin vətənində və xarici ölkələrdə keçirilən bir sıra vokal müsabiqələrində iştirak edib.
Lakin tamaşaçıların heç biri xanım müğənninin ifasının bir saatdan çox davam edəcəyini və Aleksandr Rıbakın elan etdiyi solo konsertinin əvəzinə Səbinə Babayevanın solo axşamında olacaqlarını gözləməyiblər.
Aleksandr Rıbak və Səbinə Babayeva Bakıda konsert zamanı
© Photo : Heydar Aliyev Palace
Qeyd edək ki, konsertdən bir neçə gün əvvəl onun təşkilatçıları sosial şəbəkələrdə norveçli müğənninin azərbaycanlı həmkarı ilə yalnız bir duet kompozisiya təqdim edəcəyini açıqlayıblar. Ancaq hər şey tamamilə fərqli olaraq Rıbakın bəzi pərəstişkarlarının narazılığına səbəb olub.
"Səbinə yaxşı ifaçıdır, lakin biz Aleksandr Rıbakın konsertinə gəlmişik. Rıbakı demək olar ki, səhnədə heç görmədik", "Bizi aldatdılar. Rıbakın əvəzinə biz Səbinə Babayevanın mahnılarını dinlədik", "Səbinə, solo konsert vermək istəyirdisə, onu ayrılıqda verərdi" – bu sözləri konsertə gələnlər sosial şəbəkələrdə yazıblar.
Tamaşaçıların narazılığına başqa bir məqam da səbəb olub: konsertdən bir neçə saat əvvəl təşkilatçılar sosial şəbəkələrdə pərəstişkarlarının Aleksandr Rıbak ilə şəkil çəkdirmək imkanı olacağı barədə məlumat veriblər, lakin bu, pulsuz olmayacaqdı.
Onunla birgə şəkil çəkdirmək və ünsiyyət qurmaq üçün fanatlar 100 dollar ödəməli olublar. Yeri gəlmişkən, bu fürsətdən istifadə edənlər elə də az olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.