RUSİYA

Rusiyanın xarici işlər naziri Türkiyəyə səfərə hazırlaşır

Görüş zamanı geniş spektrli problemlərin, ilk növbədə, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri martın 1-2-nə planlaşdırılıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Antalya Diplomatik Forumunda iştirak edəcək. Bundan başqa, Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanla da danışıqlar aparacaq.
"Bu görüş zamanı geniş spektrli problemlərin, ilk növbədə, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır" - XİN nümayəndəsi bildirib.
O, dəqiqləşdirib ki, Lavrov və Fidan arasında danışıqlar zamanı müzakirə olunacaq mövzular, xüsusən, Ukrayna və Zaqafqaziyadakı vəziyyət, eləcə də Fələstin-İsrail münaqişəsi olacaq.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Prezidenti Vladimir Putin ötən bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.