BAKI, 28 fevral - Sputnik. Ermənistan Azərbaycana axan bir sıra çayları zəhərləyir.
Bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmədə Demokratrik İslahatlar Partiyasının sədri, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə deyib.
O qeyd edib ki, tək Ermənistanın deyil, Azərbaycanın müttəfiqi olan Gürcüstanın da Kür çayına buraxdığı tullantılar ciddi araşdırılmalıdır.
Asim Mollazadənin fikrincə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsindən istifadə edərək Ermənistandan ölkəyə gələn çayların zəhərlənməsi məsələsinə diqqət cəlb edilməlidir.
Milllət vəkili Azərbaycanda su ehtiyatları ilə bağlı digər problemlərə də diqqət çəkib:
"Bu gün dünyada kənd təsərrüfatı məhsullarının istehsalı üçün yeni texnologiyalar tətbiq edilir, biz də buna keçməliyik. Suvarma ilə bağlı çox böyük problemlərimiz var. Biz düşünməliyik ki, suvarma sistemlərini hansı istiqamətdə inkişaf etdirək. Hazırda su ehtiyatlarımızı köhnə texnologiyalarla işlətdiyimizə görə, su itkiləri ilə üzləşirik. Ona görə də, beynəlxalq təcrübələrdən istifadə edərək Azərbaycanın suvarma sistemlərini müasir standartlara cavab verəcək səviyyədə yenidən qurmalıyıq.”