BAKI, 28 fevral — Sputnik. Ruslan ötən il iyulun 18-də əsgərliyə gedib.
Bunu İctimai TV-yə açıqlamasında Ruslan Pənahovun anası deyib.
"Bu gün mənə gəlib dedilər ki, uşaq yoxdur. Dünən səhər danışdım onunla. Dedi ki, yaxşıyam, narahat olma, hər şey yaxşıdır" - ana bildirib.
Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Əlavə edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanılması barədə məlumatı təsdiqləyib. MTX-nin məlumatına görə, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.
Azərbaycan hərbçisinin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir. Hadisə ilə bağlı cinayət işinin başlandığı qeyd olunur.