BAKI, 28 fevral — Sputnik. "Bu gün Bakıda binalarda olan su çənlərinin təmizlənməsinə nəzarət edilmir".
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda dinləmədə deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, bu çənlərin təmizlənib-təmizlənmədiyi bilinmir: "Əksəriyyət artıq hündürmərtəbəli binalarda yaşayır. Hamı təsdiq edər ki, kranı açanda qum gəlir. Bununla bağlı qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir".
Deputat İltizam Yusifov da deyib ki, emal etdiyimiz, xərc çəkdiyimiz təmiz içməli suyu insanlara çatdıra bilmirik:
"Binalarda su çirkli çənə tökülür və insanlar qumlu, çirkli su içir. Bu gün insanlar 600 min tondan artıq içməli suyu alır. Evlərdə qablaşdırılmış sulardan əhali istifadə edir. Texniki suyun içməli sudan ayrılması məsələsi diqqətə alınmalıdır. Bu, böyük xərc tələb edən prosesdir".