BAKI, 28 fevral — Sputnik. "Azərbaycanda su borularının 50%-nin istismar müddəti bitib. Kür-Bakı kəmərində boruların istismar müddəti bitdiyi üçün yüksəktəzyiqli su verə bilmirik".
Bunu Milli Məclisdə keçirilən "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
Sədr bildirib ki, bunun həlli yolları var: "Prioriteti müəyyənləşdirməklə problemləri həll edə biləcəyik. Beynəlxalq təşkilatlarla bu məsələlərin həlli üçün müzakirələr aparırıq".
Zaur Mikayılov qeyd edib ki, su itkilərimiz 39%-dir: "Bu, pis rəqəm deyil, amma ideal da deyil. Bizim hədəfimiz bunu 20%-ə salmaqdır. Beynəlxalq təcrübədə itkilərin normal sayılan rəqəmi 10 %-dir. Bunu 0 etmək mümkün deyil. Türkiyədə bu rəqəm 65%-dir. Yəni bizdə rəqəm o qədər də pis deyil".
Sədr diqqətə çatdırıb ki, suya münasibət dəyişməlidir: "Biz itkiləri azaltsaq, suyumuz yetərlidir. Burada şüur dəyişməlidir. Texniki su üçün şəbəkə ayrıca qurulmalıdır. Eyni şəbəkəylə həm içməli su, həm də texniki su vermək olmaz".
Sədr bildirib ki, kanalizasiya layihəsi hazır olmayan yeganə rayon Bərdədir: "O layihə də Fövqəladə Hallar Nazirliyindən keçməkdədir. Hazırda sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən layihələrin maliyyəti 2,7 milyard manatdan çoxdur. Təkcə Gəncədə layihələrin icrası 550 milyon manat tələb edir. Aran bölgələrində qapalı sistemə keçirilməsi üçün 9 milyard manata yaxın vəsait tələb olunur. Sırf indiki vəziyyəti düzəltmək üçün isə 20 milyard manat vəsait lazımdır. Biz bir şeyi etmək istəyiriksə, birinci maliyyətinə baxmalıyıq, sonra prioritetlərə bölərək problemi həll etməliyik".
O əlavə edib ki, problemlərin həlli özəl sektorun bu sahəyə cəlbinə bağlıdır. Bu, dövlətin su problemləri sahəsində yükünü azalda bilər: "Özəl sektorun gətirəcəyi effektivlik də burada mühüm rol oynayacaq. Agentliyin yaradılma səbəbi bütün pərakəndəliyi aradan qaldırmaqdır. Pandemiya başlayacağını heç kim bilmirdi. Layihələr hazır idi, vəsait ayrılmışdı, amma pandemiya oldu, layihələr yarımçıq qaldı. Qarabağ işğaldan azad edildi, oranın bərpası üçün də çox böyük vəsait tələb olunur".