HƏRBİ

Ermənistanın sosial media kanallarında Laçında azan əsgərlə bağlı saxta video paylaşılır

Azərbaycanın Müdafiə Nazirliyi müəyyən edib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş video görüntülərin bugünki hadisə ilə heç bir əlaqəsi yoxdur.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bugün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş video görüntülərin bugünki hadisə ilə heç bir əlaqəsi yoxdur.
28.02.24, 12:38
Azərbaycan Ordusunun əsgəri Laçında əlverişsiz hava şəraitində azıb
Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanılması barədə məlumatı təsdiqləyib. MTX-nin məlumatına görə, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.
Azərbaycan hərbçisinin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir. Hadisə ilə bağlı cinayət işinin başlandığı qeyd olunur.