BAKI, 28 fevral - Sputnik. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Bu barədə fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
O qeyd edib ki, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən, Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalıbş
"Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər, bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu, mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür".
Prezident xatırladıb ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir.
"Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə, məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?!"
Prezident İlham Əliyev onu da deyib ki, əgər bir il ərzində nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, Azərbaycan Avropa Şurasından tamamilə çıxmaq barədə məsələyə ciddi şəkildə baxa bilər.
Dövlət başçısı bir məsələni də təəssüf hissi ilə qeyd edib ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm” - deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğulayıb.
Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır:
“Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.