RUSİYA

Peskov: Moskva İrəvanla təmaslarını davam etdirir

Peskov deyib ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüşə hazırlıq gedir.
Sputnik
BAKI, 26 fevral — Sputnik. "Şimal axını" partlayışları ilə bağlı təhqiqatın ilkin mərhələsində Rusiya Danimarkadan məlumat istəyib, lakin rədd cavabı alıb və indi də məlumat ala bilmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Danimarka polisi "Şimal axını"nda partlayışla bağlı araşdırmanı dayandırıb, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının məlumatında deyilir.
Partlayışlar 2022-ci il sentyabrın 26-da Rusiyanın Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etməyiblər. "Şimal axını"nın operatoru "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinə dəyən ziyan görünməmiş dərəcədədir və təmirin müddətini hesablamaq mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb.
Putin-Ərdoğan görüşü
Peskov deyib ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüşə hazırlıq gedir, lakin Rusiya Federasiyasında martda keçiriləcək seçkilərə qədər liderlər arasında görüş nəzərdə tutulmayıb.

"Seçkilərdən əvvəl görüş olmayacaq. Seçkilərə qədər qrafik yetərincə sıxdır və Rusiya prezidenti və cənab Ərdoğan kifayət qədər məşğuldur. Amma ən yüksək səviyyədə təmaslara hazırlıq gedir. Bu bir neçə dəfə bəyan edilib. Bu təmaslar baş tutacaq, lakin bu, iki prezidentin iş qrafikinə ən uyğun gələn anda olacaq" - Kremlin sözçüsü bildirib.

Sülh planı
Rusiya prezidentinin mətbuat katibi Kiyevin İsveçrədə keçirilməsi planlaşdırılan konfransda nizamlanma planını Moskvaya çatdırmaq niyyətində olması barədə Zelenskinin bəyanatını şərh edib. Kremlin sözçüsü bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh planını müzakirə etmək üçün Moskva ilə Kiyev arasında heç bir əlaqə olmayıb.
Ermənistan və KTMT
Peskov brifinqdə bildirib ki, Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün "dondurulması" ilə bağlı bəyanatlarına aydınlıq gətirmək üçün İrəvanla təmaslarını davam etdirir.
Kreml nümayəndəsi qeyd edib ki, Rusiya üçün Ermənistanın mövqeyi hələ aydın deyil. "Müvafiq sənədlərin mətnindən çıxış etsək, belə bir şey sadəcə olaraq de-yure mövcud deyil. Bizim erməni tərəfdaşlarımızla kifayət qədər tez-tez təmaslarımız olur. Təbii ki, biz bunu aydınlaşdıracağıq. Ünsiyyət quracağıq, öyrənəcəyik" - Peskov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.