RUSİYA

Medvedev: Qərbin yeni sanksiyaları Rusiyanın bütün əhalisinə qarşı yönəlib

RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yeni Qərb sanksiyalarının artıq Rusiya hakimiyyətinə və biznesinə qarşı deyil, ölkənin bütün əhalisinə qarşı qəbul edildiyini bildirib.
Sputnik
BAKI, 26 fevral - Sputnik. Fevralın 24-nə təsadüf edən yeni Qərb sanksiyaları artıq Rusiya hakimiyyətinə və biznesinə qarşı deyil, ölkəmizin bütün əhalisinə qarşı qəbul edilib.
Bu barədə şənbə günü Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında yazıb.
O qeyd edib ki, məsələn, “Mir” ödəniş sisteminə qadağa və Rusiyada mənzil tikən şirkətlərin fəaliyyətinə məhdudiyyətlər tətbiq etməklə Qərb rusiyalıların həyatını daha da pisləşdirməyə çalışır.
“Biz hamımız bunu yadda saxlamalı və mümkün olan hər yerdə onlardan qisas almalıyıq. Onlar bizim düşmənlərimizdir” – siyasətçi yazıb.
Medvedev sistemli və mümkün qədər açıq şəkildə Qərb üçün iqtisadiyyatda çətinliklər yaratmağa, əhalidə Qərb hakimiyyətinin səriştəsiz siyasətindən narazılıq yaratmağa, Qərb dünyasının maraqlarına toxunmağa yönəlmiş beynəlxalq həll yollarını işləyib hazırlamağa və təşviq etməyə çağırıb.
Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavininin sözlərinə görə, Qərb ölkələrinin ərazisində başqa fəaliyyətlər də həyata keçirmək lazımdır ki, bunlar haqqında açıq danışmaq qəbul edilməyib.
"Müharibə müharibədir" - siyasətçi sözünü yekunlaşdırıb.
Bundan əvvəl Medvedev sərt siyasi bəyanatlarına görə Qərbdə qəbul edilməyəcəyindən qorxmadığını bildirib.