SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü planlaşdırılır - XİN rəhbəri

Azərbaycan XİN rəhbəri bildirir ki, yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır
Sputnik
BAKI, 26 fevral — Sputnik. Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Danışıqlarda bəlli bir fasilə baş versə də, sülh sazişinin mətni üzərində işlər davam etdirilirdi. Lakin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar verilmişdi. Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır" - XİN başçısı bildirib.

Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan və Ermənistan liderləri Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə bir araya gəliblər.
Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Ermənistanın Baş naziri ilə görüşünü "konstruktiv və faydalı" adandırıb, Nikol Paşinyan isə deyib ki, əldə olunan razılaşmalar yerinə yetirilərsə, bu, sərhəddəki gərginliyin azalmasına kömək edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.