BAKI, 23 fevral - Sputnik. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə cərimələr tətbiq ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Qanun layihəsinə əsasən, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 600 manatadək cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək cərimə ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, keçən il "Fövqəladə vəziyyət haqqında" qanunun adı dəyişərək "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" qanun adlanıb. Həmin qanuna "Sosial xarakterli fövqəladə mühit rejimi" adlı fəsil əlavə edilib.
Sosial xarakterli fövqəladə mühit nədir?
Qeyd edək ki, "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" qanuna əsasən, sosial xarakterli fövqəladə mühit Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir.
Sosial xarakterli fövqəladə mühit rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində rəsmi dərc edilməlidir.
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq müddəti bu rejimin tətbiqinə əsas olmuş fövqəladə halların aradan qaldırılması müddətindən artıq ola bilməz.
Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiya (qərargah) yaradılır. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.