BAKI, 23 fevral — Sputnik. Samux rayonu, Qarayeri qəsəbəsində fəaliyyət göstərən "Qara-Çanaq" alkoqollu içkilərin istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentlik əməkdaşlarının keçirdiyi yoxlama nəticəsində müəssisədə suyun və digər xam maddələrin istehsalda normativlərə uyğun olmadan istifadə edildiyi, şüşə butulkaların fərqli miqdarda doldurulduğu və üzərindəki etiketlənmədə Azərbaycan dilində məlumatların olmadığı məlum olub.
Eyni zamanda alkoqollu içkilərin istehsalı zamanı əsassız olaraq təbii bal, cökə çiçəyi və şüyüd meyvəsinin cövhərindən istifadə edilməsi ilə bağlı qeydlərin olmasına baxmayaraq istehsal ardıcıllığının və həmin proseslərin təşkili üçün şəraitin olmadığı məlum olub.
"Müəssisədə istehsal edilən "Moskovskiy Capital" nişanlı araqdan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub və nümunələrdə uyğunsuzluqlar aşkar edilib. Faktlarla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb" - deyə məlumatda vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.