BAKI, 23 fevral — Sputnik. Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalmasında maraqlıdır. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
"Biz mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikası KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam edir. Eyni zamanda, təəssüflə qeyd edirik ki, İrəvanın təşkilatda iştirak dinamikası azalıb. Bu da dost erməni xalqının maraqlarına və ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədlərinə açıq şəkildə cavab vermir. Ümid edirik ki, İrəvan mövcud narahatlıqların sakit, etimadlı dialoqda müzakirə olunmalı və həll edilməli olduğunu anlayacaq" - Rusiya XİN qeyd edib.
"Biz Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsində və təşkilatın özündə iştirakının dondurulması ilə bağlı bəyanatlarının arxasında nəyin dayandığı barədə ikitərəfli kanallar vasitəsilə hərtərəfli izahat gözləyirik. Rusiya 2021 və 2022-ci illərdə regionda baş vermiş məlum hadisələr zamanı KTMT-nin İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin ittihamlarını qəti şəkildə rədd edir. Xatırlatmaq istərdik ki, 2022-ci ilin sentyabrında Ermənistan tərəfinin müraciəti əsasında təşkilatın Katibliyi və Birgə Qərargahının qiymətləndirmə missiyası operativ şəkildə formalaşdırılaraq ölkənin sərhədyanı rayonlarına göndərilib. Ermənistanda monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı KTMT Kollektiv Təhlükəsizlik Şurası tərəfindən qərar hazırlanıb. Ermənistana hərbi-texniki yardımın göstərilməsini və bir sıra digər tədbirləri də nəzərdə tutan bu balanslaşdırılmış qərar Ermənistanın səlahiyyətli orqanları tərəfindən uydurma bəhanələrlə rədd edilməsi nə bizim, nə də təşkilatın digər üzvlərinin təqsiri deyil. Üstəlik, bunun müqabilində İrəvan nümayişkaranə şəkildə Aİ-dən müşahidəçiləri dəvət etməyə üstünlük verdi. Məlum faktlar onların işlərinin səmərəsizliyinə şübhə qoymur" - XİN-dən bildirilib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan "France24" telekanalına müsahibəsində Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini, İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, ölkəsi KTMT-də iştirakını dondurub, lakin Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılması məsələsinə baxılmır.
Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazası barədə danışan Paşinyan qeyd edib ki, bu bazanın kollektiv təhlükəsizlik müqaviləsi ilə əlaqəsi yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.