"Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, "Qərbi Azərbaycan İcması" üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır" - məlumatda bildirilir.
"Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir. Hər kəsə yaxşı məlumdur ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir".