İQTİSADİYYAT

Azərbaycan Türkiyəyə spirtli içkiləri rüsumsuz tədarük edəcək

İki ölkə arasında spirtli içkilərin rüsumsuz tədarükü imtiyaz ticarət haqqında saziş çərçivəsində həyata keçiriləcək.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Hər il gömrük rüsumları olmadan Azərbaycan Türkiyəyə 1,5 milyon litr şərab və spirtli içkilər ixrac edəcək. Türkiyə mətbuatının məlumatına görə, müvafiq qərar Türkiyə Böyük Millət Məclisinin (parlamentin) növbəti iclasında qəbul edilib.
Bildirilir ki, Azərbaycandan Türkiyəyə spirtli içkilərin rüsumsuz tədarükü ölkələr arasında qüvvədə olan və 10 il müddətinə nəzərdə tutulan imtiyaz ticarət haqqında saziş çərçivəsində həyata keçiriləcək.
Bu sənədə əsasən, Türkiyə Azərbaycandan şərab, tut, heyva, qara metallurgiya məhsulları və qablaşdırma materiallarını gömrük rüsumu olmadan alır. Türkiyə də imtiyaz saziş çərçivəsində Azərbaycana mis məftil, paltaryuyan maşın, monitor, video-qeydiyyat cihazı, avtomobil hissələri və alüminium ixrac edir.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında imtiyaz ticarət haqqında saziş 2021-ci ilin martında qüvvəyə minib. Bu saziş çərçivəsində Türkiyə Azərbaycanda istehsal olunan 15 adda məhsulun, əsasən aqrosənaye kompleksinin məhsullarının və onların sənaye emalının rüsumsuz idxalını təmin edir.
Ötən ilin aprelində Bakı və Ankara arasında imtiyaz ticarət haqqında hökumətlərarası sazişə dəyişikliklərə dair protokol imzalanıb.
Qeyd edək ki, Azərbaycanın Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və Türkmənistanla da oxşar müqavilələri var. Bundan əlavə, İranla bu sahədə müəyyən irəliləyiş əldə olunub və tərəflər yaxın gələcəkdə müvafiq sənədin imzalanacağını gözləyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.