BAKI, 22 fevral — Sputnik. Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Bunu Fransa Prezidenti Emmanuel Makron fevrlın 21-də Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə brifinqdə deyib.
"Biz müəssisələrimizin iştirakı ilə Ermənistanda infrastrukturun inkişafına yardım göstərməyə, müdafiə sahəsində əməkdaşlığın inkişafına davam edəcəyik. Fransa müdafiə xarakterli hərbi texnikanın tədarükünə razılıq verib və eskalasiya arzusu olmadan məsuliyyətlə bu işə davam edəcək" - Makron bildirib.
O hesab edir ki, Ermənistan Avropanın sülh alətlərindən yararlanmalıdır.
Fransa prezidentinin sözlərinə görə, ölkəsi Cənubi Qafqazda beynəlxalq hüquq, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında əldə edilə bilən ədalətli və davamlı sülhün bərqərar olması səylərini dəstəkləyir. O xatırladıb ki, 2022-ci ildə Praqada Paşinyan İrəvanın 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini təsdiqləyib və vurğulayıb ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyü və sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işlərin aparılacağı xəritələrlə bağlı qeyri-müəyyənliyi aradan qaldırmalıdır.
Makron həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarının icrasına çağırıb. Onun sözlərinə görə, Azərbaycan 2023-cü il sentyabrın 19-dan regionu tərk etmiş şəxslərin Qarabağa maneəsiz qayıtmasını təmin etməlidir.
"Cənubi Qafqaz sülh, inteqrasiya və əməkdaşlıq bölgəsinə çevrilməlidir. Kommunikasiyalar bölünmə deyil, inteqrasiya faktoru olmalıdır. Mən Mərkəzi Asiyaya səfər etmişəm. Mərkəzi Asiya, Cənubi Qafqaz və Aİ arasında kommunikasiyaların olmasını istəyirəm" - Makron deyib.
Öz növbəsində Paşinyan Makronu Ermənistana dövlət səfərinə dəvət edib.
Cənubi Qafqazdakı vəziyyətdən danışan Paşinyan vurğulayıb ki, əgər Ermənistan və Azərbaycan regional sülh və sabitliyin təməl prinsiplərinə sadiqdirlərsə, onlar arasında sülh əldə edilməsi realdır.
Paşinyan Ermənistanın müqavimətini təmin etmək səylərinə görə Makrona təşəkkür edib. Onun sözlərinə görə, Ermənistanla Fransa arasında qurulan müdafiə əlaqələri regional təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm rol oynayır və bu heç kimi narahat etməməlidir, çünki Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır və onun yeganə vəzifəsi balans yaratmaqdır.
Azərbaycan Xarici İşlər Nazirliyi Makronun brifinqdə səsləndirdiyi fikirlərə münasibət bildirib.
XİN-in şərhində qeyd olunub ki, Makronun Parisdə Ermənistanın baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını Azərbaycan qətiyyətlə pisləyir.
Bildirilib ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir.
"Bununla yanaşı, Alma-Ata bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı.
Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır.
Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik" - Azərbaycan XİN-in şərhində vurğulanıb.