BAKI, 21 fevral — Sputnik. Bu günlərdə Əhməd Əhmədovun ailəsinin beş üzvünü amansızcasına qətlə yetirməsindən, eləcə də bunun ardınca Daxili İşlər Nazirliyinin vətəndaşları obyektlərin, mənzillərin, blokların girişlərində kamera qoymağa səsləməsi müşahidə kameralarına tələbatı artırıb. Sputnik Azərbaycan-a internet və təhlükəsizlik avadanlıqlarının satıldığı mağazalardan bildirilib ki, son qətl hadisəsi paytaxt sakinləri arasında xof yaradıb. Bir həftədir ki, müşahidə kameralarına tələbatda artım müşahidə olunur. "Duas" mağazasından Sputnik Azərbaycan-a bildirilib ki, paytaxtda baş vermiş ağır qətl hadisəsindən sonra yaşadıqları mənzilin girişinə kamera quraşdırmaq istəyənlər çoxdur. Satıcı bildirdi ki, hətta kiçik iaşə obyektləri də müşahidə kameraları quraşdırmağa başlayıb. Səbəb ərazi üzrə post patrul xidmətlərinin obyekt sahiblərindən kamera quraşdırmağı tələb etməsidir.
Mağazadan bildirdilər ki, əsas təlabat "Wi-fi işləyən 360 dərəcə fırlanan" kameralaradır. Onların qiyməti isə 50 manatdan 120 manatadək dəyişir. Kamera 360 dərəcə firlanır, istənilən yerdən ona telefonla nəzarət etmek mumkundur. Satıcının sözlərinə görə, belə kameralar maksimum 128 GB yaddaş kartı dəstəkləyir. Kameranı mobil telefonla 360 dərəcə sağa-sola,120 dərəcə yuxarı aşağı hərəkət etdirmək mümkündür. Kameranın zəng özəlliyi var. Bu özəlliyi qoşduqda kameranin önündə hərəkət olarsa telefonuna avtomatik bildiriş gəlir. Kameranın qarşisinda adam hərəkət edərsə o gedən tərəfə avtomatik fırlanma funksiyası var. Bu kamera olan yerdə səsi dinləyə, kameraya telefonla səs göndərmək belə mümkündür. Əsas məqam isə interneti həm kabelsiz, həm də kabel ilə qəbul etmə üstünlüyünün olmasıdır. Amma satıcı böyük sahəsi olan obyektlərə bir neçə ədəd kameranın quraşdırılmasının daha məqsədəuyğun olduğunu söylədi.
Müvafiq avadanlıqların satıldığı mağazalarda satıcılarla söhbət zamanı öyrəndik ki, müşahidə kameralarının qiyməti onların keyfiyyətinə görə dəyişir. Daha aydın görüntü çəkmək qabiliyyəti olan, gecə görüntüsü aydın olan kameraların qiyməti nisbətən daha bahadır.
Müşahidə kameraları
© Sputnik / Zulfiyya Guluyeva
Müşahidə kameralarının qiyməti həm də yaddaş kartının ölçüsünə görə dəyişir.
59 manatlıq müşahidə kameralarına minimum 32 GB yaddaş kartı qoyulur ki, bunun da qiyməti əlavə 12 manatdır. 32GB yaddaş kartı çəkilmiş görüntüləri bir həftə müddətinə yaddaşda saxlayır. Satıcılar vətəndaşların daha çox 256 GB yaddaş kartına üstünlük verdiklərini bildirdilər. Belə halda müşahidə kamerasının qiymətinin üzərinə əlavə 100 manat gəlinir. Bu yaddaş kartı çəkilmiş görüntüləri 1 ay müddətinə saxlayır. 360 dərəcə çəkiliş bucağı olan müşahidə kameralarının daha keyfiyyətlilərinin qiyməti 170 manatdır. Kameraların quraşdırılması üçün monitorların qiyməti isə 110 manatdan 440 manatadək dəyişir. 4 İP (wifi) kamera dəstinin qiyməti isə 950 manatdır.
Apardığımız araşdırma zamanı öyrəndik ki, minimum 80-150 manat xərcləməklə mənzilin giriş hissəsini kameralaşdırmaq mümkündür. Obyektlərin isə kameralaşdırılması 450-550 manata başa gəlir.
Satıcıların sözlərinə görə, müşahidə kameralarına təlabatın artması, DİN-in tövsiyyəsi qiymətlərdə artıma səbəb olmayıb.
Müşahidə kameraları
© Sputnik / Zulfiyya Guluyeva
Təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, DİN-in vətəndaşları mənzil və obyektlərini kameralaşdırmağa səsləməsi müsbət amildir. Onun sözlərinə görə, müşahidə kameraları həm insanların, həmçinin də polisin köməyinə çatır.
"Müşahidə kameralarının mənzil və obyektlərə quraşdırılması cinayətlərin sayını azaldlr. Cinayət törətmək istəyən insanları bu əməldən çəkindirir. DİN-in bu çağırışında kommersiya məqsədi yoxdur. Müşahidə kameraları istintaqa cinayət hadisəsini araşdırmağa çox kömək edir. Avropa ölkələrində mənzillərin içərisinə belə kameralar quraşdırırlar"ekspert bildirib.
Bakıda bu günlərdə baş verən tükürpədici qətl hadisəsinə diqqət çəkən polkovnik-leytenant bildirib ki, Xətaidə ailəsinin beş üzvünü amansızcasına qətlə yetirəm Əhməd Əhmədovun yaxınlarının mənzillərinin qarşısında kameranın quraşdırılması müəyyən qədər baş verən cinayət hadisəsinin qarşısını ala bilərdi.
"Hazırda quraşdırılan kameralar mobil telefonla əlaqələndirildiyindən, mənzilin qarşısında baş verənləri məsafədən izləmək mümkündür. Atasını öldürdükdən sonra mənzilə kameral nəzarət olsaydı ana və övladının həyatı bəlkə də xilas olardı. Bu mütləq şəkildə belə olmasa da, ən azından ailənin hansısa üzvünün həyatı xilas ola bilərdi", - İlham İsmayıl bildirib.
Müşahidə kameraları
© Sputnik / Zulfiyya Guluyeva
O, müşahidə kameralarının cinayətlər zamanı çəkindirici faktor olduğunu söyləyib.
Xatırladaq ki, bu günlərdə Daxili İşlər Nazirliyi ölkə üzrə yaşayış evlərindən oğurluq halları ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində açılma faizi 70-80 faiz təşkil etdiyini bildirib. Məlumatda bildirilir ki, bu kateqoriyadan olan cinayətlərin açılmasının mürəkkəb proses olması nəzərə alınaraq, yaşayış məntəqələrində kameralaşma işinə xüsusi diqqət yetirilir. Qeyd olunub ki, DİN tərəfindən dövlət maliyyəsi ilə quraşdırılan təhlükəsizlik kameraları ilə yanaşı, vətəndaşların da özlərinə məxsus obyektlərin, mənzillərin, blokların girişlərində kameralaşmaya üstünlük verməsi tövsiyə olunur:
"Oğurluq hallarına qarşı mübarizədə əsas metodlar sırasında olan təhlükəsizlik kameralarının arxiv görüntüləri cinayətlərin açılmasında, sübutların toplanmasında, şübhəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsində mühüm amildir. Bunu nəzərə alaraq, hər bir şəxs bilməlidir ki, kameraların olması həm də hansısa əmlakın talanma cəhdində çəkindirici, mane vasitədir. Çünki oğrular hədəf seçərkən əvvəlcə müşahidə kameralarının mövcudluğunu öyrənir. Təhlükəsizilik kameraları təkcə mülkiyyət cinayətlərinin deyil, ətrafda müşahidə olunan neqativ halların vaxtında aradan qaldırılmasında faydalı vasitədir. Bir daha vətəndaşlardan xahiş edirik ki, kameralaşma işinin təşkilinə diqqətlə yanaşsınlar, əmlakın mühafizəsində kameranın profilaktik əhəmiyyətini nəzərə alsınlar".