BAKI, 21 fevral - Sputnik. Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən sillə vurulması nəticəsində boğularaq ölməsi barədə Baş Prokurorluğun Mətbuat xidmətinə media nümayəndələri tərəfindən çoxsaylı sorğular daxil olub.
Baş Prokurorluqdan verilən xəbərə görə, həmin faktla bağlı hazırda Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.
Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub.
Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.